Davamlı müşahidə edilən isti hava şəraitindən sonra sentyabrın sonlarında havaların qəfildən soyuması insanlar, xüsusilə uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyalarının yayılmasına şərait yaradır.
Havaların soyumasından əlavə, uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması virus infeksiyalarının daha çox məktəbəqədər və məktəbyaşlılar arasında rast gəlinməsinə imkan verir.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, həkim Yazgül Abdiyeva bildirib ki, soyuqdəymə xəstəliklərinə virus xəstəlikləri də aid edilir:
"Əslində, bu viruslara böyüklər də yoluxur, amma uşaqlar yoluxmaya daha həssasdırlar. Körpə uşaqların immunitetləri formalaşmadığına görə onlar iltihaba, yoluxmaya daha çox meyilli olurlar. Virus infeksiyaları onların nəfəs yollarında, selikli qişalarında tez zamanda artıb çoxalır və iltihab törədir. Uşaq viruslara yoluxduqda onda rinit başlayır, asqırır, burun ətrafı iltihablaşır, maye axır. Eyni zamanda, infeksiyanın təsiri sinir sisteminə keçir, meningial əlamətlər ortaya çıxır, nəticədə seroz meningit əlamətləri yaranır. Bəzən bu fonda ağır pnevmoniya xəstəliyi inkişaf edir. Ona görə də valideynlər bilməlidirlər ki, kəskin respirator virus infeksiyasının fəsadları çox təhlükəlidir. Valideynlər uşaq xəstələnən kimi övladlarını evdə saxlamalı, məktəbə buraxmamalı, sahə həkiminə və tibb mütəxəssisinə müraciət etməlidirlər. Uşaqların geyimi, qidalanması mövsümə uyğun olmalıdır".
Y.Abdiyeva əlavə edib ki, adinovirus, rinovirusa yoluxan uşaqlara normal nəzarət olunmasa və sistematik müalicə aparılmasa, uşaqda meningit yarana və o, ölə bilər.
Onun sözlərinə görə, mövsüm dəyişmələri zamanı çox rast gəlinən xəstəliklərin araşında viruslu və yoluxucu xəstəliklər üstünlük təşkil etdiyindən gigiyenaya daha ciddi riayət edilməli, xüsusilə park və bağça gəzintilərindən sonra əl yuyulmalıdır. Uşaqlarda öskürəyin vəziyyətinə xüsusilə diqqətlə yanaşılmalı, həkimə vaxtında müraciət edilməlidir. Çünki payız mövsümündə öskürəyin uşaqlarda, xüsusilə allergik uşaqlarda bronxitə çevrilməsi riski çoxdur.
Həkim hesab edir ki, belə infeksiyalara qarşı mübarizədə immuniteti gücləndirən qidalar da xüsusi rol oynayır: "Bu dövrdə yeməklərdə təbii immunitet gücləndirən qidalara üstünlük verilməlidir. Məsələn, sarımsaq olduqca immunitet gücləndiricidir və onun antioksidant xüsusiyyəti var. Zəncəfil də immunitet gücləndirir. Rəndələnmiş təzə zəncəfil, bal və limon qarışığından hazırlanmış sudan hər gün bir qaşıq içmək immunitet sistemini gücləndirir".
Y.Abdiyeva qeyd edib ki, mövsüm dəyişikliyi uşaqlarda həm də allergiyanı qıcıqlandıran faktorlar sırasındadır:
"Yaz-payız aylarında allergiya problemləri kəskinləşir. Buna görə də bu dönəmdə profilaktik müalicələr aparılmalıdır. Belə müalicələr allergiyanın qarşısını alır. Lakin allergiyanın elə formaları var ki, onun nədən yarandığını təyin etmək olmur. Ümumilikdə isə allergiya iki - orqanizmin özünün problemləri səbəbindən, ya da kənardan orqanizmə təsir edən faktorlar səbəbindən yaranır. Orqanizmin özündə, məsələn, mədə-bağırsaqda, qaraciyərdə problemlərin olması allergiya yaradır. Qurd problemi də bunlardan biridir. Ona görə də allergiyanın yaranma səbəbini vaxtında təyin etmək və müalicə etmək lazımdır".
Mütəxəssislərin hesablamalarına görə, 5 uşaqdan birində allergiyanın olduğunu deyən Y.Abdiyeva əlavə edib ki, allergiya son dövrlərdə uşaqlar arasında ən çox yayılan xəstəliklərdən birinə çevrilib:
"Allergiya müalicəyə çox çətin tabe olan xəstəlikdir. Son vaxtlar allergik problemlər uşaqlar arasında həddən artıq çoxalıb. Buna iki - ekoloji və qida faktoru səbəb olur. Allergiya zamanı başlıca olaraq, allergiya yaradan faktor müəyyən edilməlidir. Allergiya qida ilə bağlıdırsa, həmin qida uşağın menyusundan çıxarılır və paralel olaraq müalicə edilir. Əgər bu müalicəyə dəqiq əməl olunarsa, əksər hallarda uşaq böyüdükcə bu xəstəlik ötüb keçir".
Həkimin sözlərinə görə, allergiya xəstəlik törədici mikroblara, toz, yun, spesifik iylərə, müxtəlif yabanı otlara, sitrus meyvələrinə qarşı yarana bilər:
"Ümumiyyətlə, rəngi sarı olan qida maddələri allergiya yaradan faktorlar hesab olunur. Amma hamıda yox. Ona görə də biz sarı rəngli qidaları menyuda məhdudlaşdırmağa çalışırıq. Bəzən valideynlər bildirirlər ki, ev tozu və ya spesifik iylərdən də uşaqlarda allergiya yaranır. Bu halda isə vəziyyət bir az çətinləşir. Çünki toz təkcə evdə olmur".