Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarında yazı işlərinin yoxlanması zamanı hansısa subyektivliyin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bilirib.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hər kəsi bu il ilk dəfə olaraq IX siniflərin buraxılış imtahanlarında tətbiq edilən yazı işlərinin yoxlanması zamanı obyektivliyi nə dərəcədə qoruna biləcəyi düşündürür: "Səsləndirilən fikirlərə əsasən burada 2 subyektivlik ola bilər. Birincisi, yazı işini yoxlayan kəs müəllifi tanıya bilər. Digər subyektivlik isə yazı işlərinin yoxlanması zamanı müxtəlif ekspertlərin fərqli yanaşmasının ola bilməsi ilə bağlıdır.
Fikirlərə görə, markerlərin pedaqoji və psixoloji xüsusiyyətinə görə nəticələrə sərt və ya yumşaq yanaşıla bilər. Nəticədə, düzgün qiymətləndirmə aparıla bilməz. Lakin mərkəz tərəfindən imtahanlarda tətbiq eidlən "e-markinq sistemi vasitəsilə subyektivlik aradan qaldırılıb.
Bu il buraxılış imtahanlarında ilk dəfə olaraq yazı işlərinin yoxlanmasında bu sistemdən istifadə edilib. IX siniflərin buraxılış imtahanları zamanı 200 min yazı işi (90 min Azərbaycan dili, 12-15 min Rus dili, 100 min Riyaziyyat) yeni sistem vasitəsilə yoxlanılıb.
Yekun nəticələr onu göstərib ki, bu sistem tam düzgündür və heç bir subyektivlik qeydə alınmayıb.