Unikal.org Publika.az-a istinadən İlkin Həsəni ilə müsahibəni təqdim edir.
- İlkin bəy, bir müddət əvvəl sizinlə telefonda danışmışdım. Dediniz ki, çəkilişləriniz var... Nə çəkilişi idi?
- Biz artıq dördüncü ildir kinoteatrlar üçün filmlər çəkirik. "Bozbash Pictures kimi gördük ki, yaxşı reytinqimiz var, tamaşaçılarımız baxır, bəyənir, sevənlərimiz günü-gündən çoxalır, televiziyadakından daha artıq nə isə etmək istədik. İki seçim qarşısında qalmışdıq. Biri konsert idi, o biri isə film. Müasir kinoteatrlarımızın sayının artdığını və insanların türk filmlərinə marağının çoxaldığını nəzərə alıb, fikirləşdik ki, yerli filmlərimiz olsa, tamaşaçılarımız gələr, baxar. On min, iyirmi min, otuz min tamaşaçı da olsa, bizim üçün yetərlidir. Və başladıq filmlər çəkməyə. İlk filmimiz "Ay Brilliant oldu. Bundan sonra hamı film çəkməyə başladı. Təbii, bunlardan yaxşıları da oldu, daha çoxu isə uğursuz alındı. Biz də dayanmadıq. Növbəti işimizə daha çox maraq yarandı. Düşündük ki, belədirsə, niyə davam elətdirməyək?
- Sizin təhsiliniz nədir?
- Mədəniyyət və İncəsənət Universiteti, televiziya rejissorluğu.
- Özünüzü aktyor hesab edirsiniz?
- Xeyr! Mən 2001-ci ildən ATV-dəyəm. Fəaliyyətə radioda xəbər diktoru kimi başladım. Sonra veriliş təklif olundu. Özüm heç kimə demədim mənə veriliş verin. Müdir özü dedi ki, istedadın var, diksiyan var, görünüşün var, niyə də bir veriliş aparıcısı olmayasan? Sırf veriliş aparıcısı kimi fəaliyyət göstərməyə başladım. 2005-ci ildə Ramillə (Ramil Babayev, "Bozbash Picturesdəki Şöşü obrazı - red.) birlikdə özümüzü səhnəciklərdə sınamağa başladıq. O vaxtdan bu günə kimi nə Ramil, nə də mən "biz aktyoruq deyə, bar-bar bağırmamışıq. Biz həvəskarıq, sadəcə, az da olsa, nəsə eləməyə çalışırıq!
- Tez-tez deyirlər ki, siz bu işlərdən yaxşı pul qazanırsınız... Doğrudanmı belədir?
- Biz bu işləri Rusiyada, Türkiyədə görsəydik, bəli, yaxşı pul qazanardıq. Ancaq çox təəssüf ki, Azərbaycanda yaxşı qazanmırıq. Çünki nə televiziyamız o dərəcədə inkişaf edib, nə də kino sahəsi. Yeri gəlmişkən, biz heç vaxt öz işlərimizə kino deməmişik. Biz kino çəkmirik, kommersiya filmləri çəkirik. Və bəzən tamaşaçı bizim çəkdiyimiz kommersiya filmlərini "Oskara namizəd sayır və Kann festivalında göstərilən filmlərlə müqayisə edir ki, belə-belə işlər görün! Tamaşaçılara belə şeylər göstərin və s. Mən də onları başa salmağa çalışıram ki, qardaş, festival filmləri ayrıdır, kommersiya filmləri ayrı. Biz sırf pul qazanmaq üçün çalışırıq. İşlərimiz də sırf bunun üçün nəzərdə tutulub. Biz kinoteatrda tamaşaçını əyləndiririk, onun kefini yüksəldirik və bunun müqabilində o, bizə beş manat verir. Bu beş manatın isə cəmi bir manat otuz qəpiyini özümüzə götürürük.
- Bəs pullar hara gedir ki, sizə bu qədər az hissəsi çatır?
- Pullar hara gedir, necə bölünür, deyim. Kinoteatr 18 faiz ƏDV ödəyir və bunu bizim işimizdən çıxırlar. Bu ƏDV ödəniləndən sonra yerdə qalanın 50 faizini kinoteatrın özü götürür. Kinoteatrların nəzdində şirkətlər var, onlar film paylamaqla, seans yazmaqla məşğul olur. Bu şirkətlər də qalan məbləğin 10 faizini götürür. Ortada qalan məbləğ bizim bank hesabımıza köçürülür. Biz isə bank hesabında olan həmin puldan yenidən dörd faiz vergi ödəyirik. Yalnız bundan sonra yerdə qalan pul bizim hesab olunur. Tutaq ki, 60 min, 50 min və yaxud da 40 min! Amma filmin də təbii ki, öz xərci var...
- Sponsorlar kömək etmirmi?
- Sağ olsunlar, sponsorlar kömək edir. Xərcin 30 faizini sponsor verirsə, qalanını da dostdan-tanışdan, ordan-burdan tapırıq. Biz dövlətdən pul alıb film çəkmirik.
- İlkin bəy, mövzularınız demək olar ki, ancaq məişətdən götürülür. Bunlara ictimai-siyasi məzmun yükəlmək haqqında heç fikirləşmirsiniz?
- Bizim mövzularımız əsasən, gündəmlə bağlı olur. İnternetdə, sosial şəbəkələrdə yayılan və qınaq obyekti olan hansısa məsələlər olur ki, biz onlardan da yararlanırıq. Misal üçün, ictimai nəqliyyatda, ailədə baş verən problemlər və s. Tutaq ki, kiminsə əmisi oğlu dayısı qızını qaçırıb və müsahibə verir ki, mən o evə qayıtmayacam, nə bilim nə! Yəni əvvəldən ssenarilərimiz bu mövzularda olub, belə də davam edəcək.
- Sizin rollarınız birmənalı şəkildə kütləni yamsılamaqdan ibarətdir. Bəs düşünmürsünüzmü, kütlənin zövqündən az da olsa, yuxarı qalxmaq lazımdır?
- Biz illərdir bu yolu seçmişik. Və deməzdik ki, məqsədimiz sırf kütləni maarifləndirməkdir. Sadəcə, müəyyən məsələlər var ki, biz onları gündəmə gətirmişik. Tamaşaçılara demişik ki, baxın görün sizin etdiyiniz hərəkətlər, içində olduğunuz hadisələr kənardan necə görünür. Məzarlıqla bağlı bir seriyamız vardı. Orda mollaların davasını göstərmişdik. O molla deyirdi, mən çox pul qazanmalıyam, bu molla deyirdi, mən çox qazanmalıyam və s. Düzdür, mollalar tərəfindən yaxşı qarşılanmadıq, təpkilər də oldu. Amma onlara fikir vermirik. Çünki bizim tamaşaçılarımız arasında professorlar, akademiklər də var. Akademiklər deyəndə ki, ""Bozbash Picturesə baxıram, bizə qəribə gəlirdi. Çünki biz tamaşaçılarımızı tamamilə başqa cür görürdük.
- Düşünürsünüz ki, "Bozbash Pictureslə cəmiyyətə mesajlar ötürürsünüz?
- Bəli, biz mesajlar verməyə çalışırıq. Məsələn, Qılman obrazı savadsız həkimləri göstərir. Hətta rayonlarda xəstəxanalara gedəndə görürük ki, həkimlər Qılmana bir az pis baxırlar (Gülür).
- Bəs məmurları niyə tənqid etmirsiniz?
- Bizim əsas obrazlarımız hansılardır, deyim. 90-cı illərdə Rusiyaya gedən, ordan pulla qayıdan, amma heç bir mədəniyyəti, tərbiyəsi olmayan adamlar! Bu adamlar pulları olduğu üçün elə bilirlər ki, hər şeyi həll eləmək olar. Hətta ətrafdakılar da elə bilir ki, pulu varsa, artıq o, gözəl insandır, yaxşı insandır... Obrazlarımızın hamısı bu insanlardır. Bizim məmurlarla heç bir işimiz yoxdur. Çünki məmur tənqidi keçmiş zamanda qaldı. Daha yumoristik filmlərdə məmur tənqidi olmur. Vəssalam!
- Maraqlıdır, heç özünüz özünüzə baxıb gülürsünüz?
- Sözün düzü, çəkilişdə də oluruq, çəkilişdən sonra montajda da oluruq deyə, bizə heç gülməli gəlmir. Yalnız ssenari oxunuşları olur ki, orada ürəkdən gülürük. Hətta efirdə də özümüzə baxıb gülmürük. Amma üstündən 2-3 il keçir, təsadüfən, internetdə qarşımıza bir seriya çıxır, gülürük, sonra bir-birimizə göndəririk ki, gör burda nə söz demisən.
- Heç ciddi rollar oynamısınız? Və yaxud oynaya bilərsiniz?
- Səhv eləmirəmsə, 2004-cü il idi. Faiq Ağayevin "Ayrılma məndən klipi vardı. Kənan MM çəkmişdi. Orda özümü ciddi rolda sınamışam. Ondan da qabaq, 1997-98-ci illərdə "Mozalanda ciddi rola çəkilmişdim.
- Hər halda ciddi rollar sizdə uğurlu alınmır. Alınsaydı, yadımızda qalardınız. Razısınız?
- Düzü, ciddi rollar bizim stilistikamızda yoxdur deyə, uğurlu alınıb-alınmayacağı barədə də düşünmürük...
- Yaxınlarda ailə həyatı qurdunuz. Maraqlıdır, həyat yoldaşınız İlkini çox sevir, yoxsa Şəmini?
- Sizə bir şey deyim, bəlkə də inanmayacaqsınız. Həyat yoldaşım heç vaxt "Bozbash Picturesə baxmayıb. Çünki xoşu gəlmir. Heç Şəmini də sevmir. Heç İlkin Həsənini də sevmir. O, sırf İlkini bəyənib, sevib və biz ailə həyatı qurmuşuq.
- Məclislərdə, xeyir işlərdə yoldaşlarınızla oturub-duranda da bir-birinizə qeyri-ciddi yanaşırsınız?
- Yox. Amma bəzən tamaşaçılarımız olur ki, bizi hansısa bir məclisdə, yaxud yolda, küçədə görəndə elə bilirlər ki, həyatda da canlandırdığımız obrazlar kimiyik. Elə olur ki, bizə qarşı sevgilərini kobud şəkildə bildirirlər. Bəzən bizi obrazımızla çağırırlar: "Ayə, Şəmi. "Ayə, Şöşü. Belə şeylərə aramızda ən kəskin reaksiya verən Ramildir. Bir də görürsən yolda qışqırırlar ki, ayə, Şöşü. Belə də olmaz axı, ayıbdır.
- Məzələnirlər?
- Bəlkə də məzələnmirlər. Məncə, istənilən aktyora onun obrazı kimi baxmaq lazım deyil. Mənim obrazım Şəmidirsə, o demək deyil ki, həyatda da Şəmiyəm. Biz Azərbaycanın 90 faizini gəzmişik. Elə rayonlar olub ki, uşağından tutmuş, böyüyünə kimi bizə qarşı çox tərbiyəsizcəsinə münasibət göstəriblər. Başa salmağa çalışmışıq ki, qardaş, bu belədir, o elədir! Olmaz! Camaatın içində qışqırmaq, fit çalmaq ki, "ayə, Şəmi, ayə, Şöşü, gəl bura görüm, bir şəkil çəkdirək. Belə şeylər ədəbsizlikdir.
Elə rayonlarımız da olub ki, balaca bir uşaq gəlib, deyib ki, əmi, salam, olar sizlə bir şəkil çəkdirək? Yəni sevginin eləsini də görmüşük, beləsini də!
- Bayaq dediniz ki, bizə professorlar, akademiklər də baxır. Bəs yüksək vəzifəli məmurlardan sizə baxan, sevgilərini, hörmətlərini bildirənlər varmı?
- Bəli, var. Ayrı-ayrı məmurlar, nazirlər bizə baxırlar, fikirlərini də bildiriblər. Bəzən elə olur ki, hansısa bir məclisdə, toyda və yaxud da konsertdə görüşürük. Gözləmədiyimiz nazirlər, nazir müavinləri özləri bizə yaxınlaşıblar.
- Ad çəkə bilərsinizmi?
- Ad çəkərəm, sonra da həmin adı başlıq kimi verərsiniz, nəsə narazılıq olar. Bilirsiniz ki, indi oxucuların çoxu müsahibəni oxumur, ancaq başlığa baxır. Həmin nazir də fikirləşər ki, onun adından istifadə eləyirik. Ona görə də lazım deyil.
- Həmin şəxslər sizin layihələrə maddi yardım edirlərmi?
- Yox, eləmirlər. Tutaq ki, hansısa bir ərazidə çəkiliş eləmək istəyirik, amma deyirlər ki, gərək filan nazirliyə müraciət eləyəsiniz, icazə alasınız. Bu zaman bir zəngimiz kifayət edir ki, bizə icazə versinlər. "Bozbash Picturesin adını eşidən kimi üzlərində təbəssüm yaranır, razılıq verirlər. Bu mənada demək olar ki, hər yerdən "hə cavabı almışıq.
- Sizin tamaşalara biletlərin qiyməti necədir?
- Üç manatdan yeddi manata kimi.
- Yəqin ki, gözəl xanım fanatlarınız çoxdur. Maraqlıdır, o xanımları da 3 manat, 5 manat, 7 manat kimi görürsünüz?
- Xanım fanatlar əvvəl daha çox idi. Amma mən ailə qurandan sonra demək olar ki, kəskin azalma baş verdi. İndi onlara fanat yox, sadiq izləyici deyərdim. Ümumiyyətlə isə biz hər tamaşaçıya 3 manat, 5 manat, 7 manat kimi baxmırıq. Elə tamaşalarımız olub ki, özümüz bilet alıb, tanımasınlar deyə, başımıza da papaq qoyub, lap arxa sırada oturmuşuq, öz filmlərimizə tamaşaçılarla bir yerdə baxmışıq ki, görək onlar nəyə gülürlər, nəyə reaksiya verirlər. Onların bizi necə alqışladığını görmüşük. Bizim üçün əhəmiyyətli olan o tamaşaçının gedib özü ilə ayrı bir tamaşaçı gətirməsidir.
- Sonda-¦ "Bozbash Picturesin ATV-də yayımı dayandırıldı?
- Yox!
- Axı mətbuatda bununla bağlı məlumat getmişdi.
- Yanlış məlumatdır. Sadəcə olaraq mövsüm finalına çıxmışdıq. İndi yeni mövsümə hazırlaşırıq