"Maraqlı oyun oldu. Rəqibin gücünə bələd idik".
Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində dünən "Qəbələ"nin qonağı olan Gəncə təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
"Kəpəz"in saytında komandanın çalışdırıcısı Şahin Diniyevin oyunla bağlı fikirləri yerləşdirilib:
"Qəbələ"nin heyətində olan futbolçular matçın taleyini təkbaşına həll edəcək gücdədilər. Ona görə də, çox ehtiyatlı oynamağa çalışdıq. Matçı əks-hücumlar üzərində qurmuşduq. Bu da bizdə alındı. Oyunda ritm vardı və bu ritmi də tuta bildik. Uşaqlara təşəkkür edirəm. Çox xallar itirmişik, bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək. Sonuncu yer Gəncə futboluna yaraşmır. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram ki, həm mənim, həm də komandanın arxasında durdular. Biz də onların inamını, etimadını doğrultmağa çalışdıq. "Qəbələ"yə də oyuna görə təşəkkür edirəm, bu gün biz imkanlardan istifadə edib qələbə qazandıq. Taktiki cəhətdən düzgün oynadıq".