Çexiya yığmasına qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl "Qarabağ"ın futbolçusu Rəşad Sadıqovun Azərbaycan milli komandası ilə vida mərasimi təşkil olunacaq.
Unikal.org xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, canlı yayıma təsadüf etdiyindən, tədbir elə də uzun müddətli nəzərdə tutulmayıb. E.Məmmədov AFFA rəhbərliyinin Sadıqova sürpriz hazırladığını da açıqlayıb: "2015-ci il oktyabrın 10-da İtaliya ilə Avropa çempionatının seçmə qrup oyunundan əvvəl də buna bənzər tədbir təşkil etmişdik. Həmin mərasim Rəşad Sadıqovun Azərbaycan millisində 100-cü oyununu keçirməsi ilə əlaqədar idi. Bu dəfə isə oyundan əvvəl yolasalma mərasimi təşkil edəcəyik. Amma nələrin olacağı qoy, sürpriz qalsın".
Baş katib oyunöncəsi tədbirdən sonra Sadıqovun sonuncu dəfə milli komanda forması ilə meydana çıxacağını əlavə edib.
Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya matçı saat 20:00-da başlanacaq.