Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 16-30 sentyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ETSN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 167 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 39 müddətli "məcburi göstəriş verilib.
Ümumilikdə, 49 iş üzrə 31350 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 78005,7manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 168 iş üzrə 32381,9 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 40, icra qurumlarına 19, məhkəmələrə isə 2 iş göndərilib.