Türkiyənin məşhur "O Səs Türkiyə verilişində qalmaqal yaşanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişə bu il qatılan Yıldız Tilbe ilə "Atena" rok qurupunun üzvü Gökhan Özoğuz arasında gərginlik olub. Bu səbəbdən də çəkilişlər yarımçıq qalıb.
"O Səs Türkiyə münsif heyətinə yeni daxil olan müğənni iştirakçılar arasında irqçi-ayrıseçkilik edib.
Onun bu hərəkəti Gökhan Özoğuzun xoşuna gəlməyib. Elə bu səbəbdən də müğənnilər arasında ilk ciddi mübahisə yaşanıb.
Belə ki, müsabiqədə Balkan mahnısı ifa edən bir qadın iştirak edib. Ona bütün münsiflər dönsə də, Yıldız Tilbe dönməyib. Sonda Yıldız "Ah sən türksən? Mən sənin əcnəbi olduğunu düşündüm. Türk olduğunu bilsəm, dönərdim deyib.
Yıldızın bu sözləri Gökhanı özündən çıxarıb:
"Bu yarışmaya xaricilər də gəlir, niyə dönmürsən ki?" - deyə Yıldıza reaksiya verib.
Yıldız isə Gökhana verdiyi cavab vəziyyəti daha da gərginləşdirib:
"Bu, "O Səs Türkiyə müsabiqəsidir. Odur ki, mən türk axtarıram. Bura "O Səs İngiltərə deyil, elə olsaydı, ingilis axtarardım".
Səssiz qalmayan Gökhanın "Sən o zaman kürdlərin də yarışmasına etiraz edirsən?" deməsi aləmi bir-birinə vurub.
Mübahisəyə Acun müdaxilə edib mikrofonlarını kəssə də, onları sakitləşdirmək mümkün olmayıb. Bütün iştirakçılar və qonaqlar yola salınıb, çəkilişlər də yarımçıq qalıb.
Yeri gəlmişkən xatırladaq ki, müğənni azərbaycanlı iştirakçı Pərvin Səfərovun şivəsini bəyənmədiyi üçün dönmədiyini bildirmişdi. "Seçəcəyim ifaçı türkcə yaxşı danışmalıdır deyən Yıldız Tilbe daha çox türk izləyiciləri tərəfindən tənqid olunmuşdu.
Türkiyə mətbuatı Yıldızın bu hərəkətini belə şərh edib: "Yəqin ki, bu mübahisəni ekranda izləməyəcəyik, amma Yıldız Tilbe televiziya proqramları üçün saatlı bomba olduğunu bir daha sübut etdi.
Məlumat üçün bildirək ki, Yıldız Tilbe İsraillə böhran yaşandığı dövrdə "Allah Hitlerdən razı olsun" tvitə görə çox tənqid edilmişdi. İrqi ayrıseçkilik etdiyi üçün onun "Turkcell reklamı da ləğv edilmişdi. Belə görünür ki, Yıldız irqi-ayrıseçkilikdən vaz keçməyəcək.