"Gecələr toylarda oxuyurdum, səhər dərsdə beş alırdım. Mənim gəncliyim olmayıb. Bulvara, kinoya gedə bilməmişəm, sevgim olmayıb.
Unikal.org xəbər verir ki, bu sözləri apa-ya Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova müsahibəsində bildirib.
O etiraf edib ki, ilk dəfə institutu bitirəndən sonra sevib:
"Başım qarışmışdı pul qazanmağa, oxumağa öz həyatım yaddan çıxmışdı. Bircə arzum var idi ki, anam narahat olmasın ki, Məleykəni şəhərdə necə oxutdurum. Şükür olsun Allahıma ki, məni ayaq üstə saxladı. Amma bu qədər zərbələr almamışdım.
Xanım Əsədova bildirib ki, ona sevgi məktubu yazanlar çox olub və indi də var:
"O qədər evlənmək istəyənlər olub ki. Elə indi də var. Amma peşman deyiləm. Bəlkə o vaxt ailə qursaydım, sənətim, şöhrətim bu qədər olmayacaqdı. Ailə qurmaq fikrim yox idi. Anam məcbur etdi. Anam dünyasını dəyişəndən sonra təkliyimi hiss elədim. Nə yaxşı Gülər var. O mənim anamdır, bacımdır, sirdaşımdır.