Azərbaycanlı iş adamı Hafiz Məmmədov qol.az saytına müsahibə verib. Unikal.org həmin müsahibəni təqdim edir:

- Necədi işləriniz?

- Problemlər qalmaqdadır, amma düzələcək, bu istiqamətdə işlər gedir.

- Çoxdandı mediada da görünmürsünüz.

- Hə, bu aralar bir az kənara çəkilmişəm. "Atletikoya görə danışmaq isə xoşdu. Həqiqətən sevindirici haldı. Belə bir nəhəng klub Azərbaycanda bu dəfə rəsmi matça, özü də "Qarabağla oyuna gəlir.

- Sizin təşəbbüsünüz və birbaşa maliyyə dəstəyinizlə "Atletiko 3 ilə yaxın Azərbaycanla əməkdaşlıq etdi, üzərində ölkəmizin adının yazıldığı formaları geyindi.

- Bu əməkdaşlığın kökü 2012-ci ilə gedib çıxır. Xarici klublarla maraqlanırdım. İlk olaraq Fransadan "Lans variantı vardı. Həmin ilin yay aylarında bununla bağlı müzakirə aparılırdı. Elə o ərəfədə "Atletiko "Çelsi ilə Avropa superkubokunun oyunu üçün Monako şəhərinə gəldi. Mən də ordaydım. "Atletiko klubunun daxilində ümumi dostlarımız var. Hansı ki, onlar bizneslə də məşğul olurlar. Həmin vaxt madridlilər sponsor, tərəfdaş axtarırdılar. Danışdıq, razılaşdıq. O vaxtlar maliyyə imkanlarımız da geniş idi. Onlarla bu gün də dostluğumuz davam edir. Bir-iki günə (söhbət şənbə günü olub - A.B.) rəsmi oyun üçün Bakiya gələcəklər. Ancaq onların Azərbaycanda bir ünvanları var: "Bakı futbol klubu. Yəni, mənim ünvanım həm də "Atletikonun Bakıdakı ünvanıdı.

- Ondan sualı belə qoyum, Dieqo Simeone necə biridi?

- Əla oğlandı. Özü də sənə deyim, bir ad gününü mənim evimdə keçirib. 2013-cü ilin, aprelin 28-də, səhv eləmirsə, 43 yaşı tamam olurdu. Qismətdən "Atletikonun Bakıya səfəri Simeonenin ad gününə təsadüf etdi. "Four seasonsdakı ziyafətdən sonra gəldik bizim evə, yani bura. Danışdıq, güldük, yedik-içdik. Sonra dedi ki, olar elə səhərə qədər burda oturum? Səhər açılana qədər onun ad gününü qeyd etdik. Radamel Falkao (Hazırda "Monakoda oynayır - A.B.) və başqa bir neçə futbolçu da onunlaydı. Sonra bütün komanda bura gəldi. Bir iki hədiyyə də verdim. Falkao hamısından fağır görünürdü. Yetim kimi kənarda dayanmışdı (gülür). O biri futbolçular isə maşallah zirək idi, hərəsi bir şey götürürdü.

- Futbolçulardan Falkao ilə münasibətləriniz daha yaxşıdır deyəsən.

- Elədi. Monakoya səfərim olanda gəlib mənimlə görüşürdü. Mənə bahalı saat da hədiyyə edib. Təsəvvür edirsən. Futbolçu belə qiymətli saat hədiyyə etməz e...

- Qiyməti nə qədər olar?

- 30 min avro! O qədər tərbiyəli, yaxşı uşaqdı ki...

- Bəs, siz özünüz "Atletikolu futbolçulara nə hədiyyə edirdiniz?

- Bir dəfə dedim çempion olun, oturaq təyyarəyə, sizi ürəyiniz hara istəyirsə, ora aparım. Onlar çempionluq kubokunu alanda bir yerdə Madriddə idik. Amma elə oldu ki, səfərə çıxa bilmədik.

- Pul mükafatı verdiniz?

- Pul yox, amma hər birinə bahalı saat hədiyyə etdim. Özü də tək "Atletikoya deyil. Elə "Lansın da futbolçularına bahalı hədiyyələr verirdim.

- Qayıdaq yenə Simioneyə. Necə insandı? Oyunlar vaxtı çox çılğın olur.

- Çox yaxşı, zarafatcıl, iradəli və xarakterli adamdır. Dəmir intizamı var. Yeri gəlmişkən, Simeonenin Azərbaycan futboluna da faydası dəyə bilərdi. Amma, görünür, müəyyən insanlar bunu istəmədi. O vaxt əməkdaşlığımız zamanı söz vermişdi ki, 2020-ci ilə kimi İslandiya millisi tərzində yeni Azərbaycan milli komandası yarada bilər. Deyirdi ki, Azərbaycandan mənə, "Atletikoya 15-16 yaşlarında 40 nəfər uşaq verin. Hamısını aparım Madridə. İçlərindən 20-sini seçib, digərlərini geri qaytaracam. Həmin 20 futbolçu İspaniyada qalıb təcrübələrini artırmalı və Azərbaycan milli komandalarına fayda verməli idi.

- Madridə burdan uşaqlar getmişdi, axı..

- Getdilər. Alınmadı. Qoymadılar qala. Nə isə.
Məsələn, indi "Qarabağda uğurlu oyunu ilə seçilən Mahir Mədətov. Bizim akademiyanın yetirməsidi. O, həm "Atletiko, həm də "Lansda təcrübədə oldu. Fransaya gedəndə bir az fiziki tərəfdən zəif idi. Amma ispanlar da, fransızlar da deyirdilər ki, qoymayın onlar Azərbaycanda qalsın. Mənim planım belə idi ki, bizim uşaqlar "Atletikoda, "Lansda qalsın. Orda oxuyub təhsil alsınlar. Qrizmann kimi futbolçuların oynadığı klubda təcrübə keçsin. Sonra işlərimizdə problem yarandı. Qayıdıb gəldilər bura.

- Bəs , "Atletiko ilə əməkdaşlığınız bitdikdən sonra klubla əlaqələriniz qalır?

- Əlbəttə. Dünən də danışmışam. Bizi təkcə futbol deyil, dostluq münasibətləri də birləşdirir.

- Klubda əsasən kimlərlə sıx münasibətiniz var?

- Əsasən rəhbərliklə. Futbolçularda Qabi və Fernando Torreslə dostam. Bir də təbi ki, "Atletikodan "Barselonaya gedən Arda Turanla... Hərdən danışırıq.

- Dieqo Simeonenin hansı söhbətləri yadınızda qalıb?

- Qızları çox sevir (gülür). Çox yaxşı adamdı. Simeonenin köməkçisi də komandanın əhval-ruhiyyəsin qaldırır. Bir şey deyim, Simeoneyə çox dəyər verirlər klubda, sözünə qulaq asırlar. "Atletiko deyir ki, biz o vaxt xoşbəxt olduq ki, Simeone və bizimlə sponsorluq eyni vaxta təsadüf etdi.

- Bəs "Atletikonun "Qarabağla eyni qrupa düşməsini necə qarşıladınız?

- Bir dəfə gəlib-getmişdilər Bakıya. Amma o vaxt heç kimin ağlına gəlməzdi ki, onlar bu dəfə rəsmi matç üçün səfər edəcəklər. Ancaq "Qarabağ onların yolun bura saldı. Onlar bu oyuna doğrudan da ciddi hazırlaşıblar, məsuliyyət hiss edirlər. Öz otellərində qalacaqlar, oyunlarıın oynayıb, gedəcəklər. Kənara çıxmağa icazə yoxdu.

- "Qarabağ haqda nə soruşurlar sizdən, nələrlə maraqlanırlar?

- "Qarabağı qəşəng tanıyırlar. Dediyim kimi, oyuna da, rəqibə də ciddi yanaşırlar. Çünki cəmi 1 xalları var. Onların məqsədi qələbə qazanmaqdır.

- Oyuna stadiondan baxacaqsınız?

- Yüz faiz.

- Yəqin ki, "Qarabağa azarkeşlik edəcəksiniz..

- Əlbəttə. Satılıb eləməmişəm ki (gülür)... Öz komandamızdı "Qarabağ. Amma onlar da özümüzünküdü.

- "Qarabağ Çempionlar Liqasınınq qrup mərhələsinə düşdü. Bu haqda nə düşünürsüz?

- Halal olsun, komanda üzvlərinin hamısına. "Qarabağ Çempionlar Liqasındadısa, bu, Azərbaycan, klub üçün böyük şeydi. Çox gözəl komanda qurublar, daxildə əhval-ruhiyyə yaxşıdır. Buna görə də hər şey ələ alınır. Baş məşqçisi də böyük iş görüb. Qurbana halaldı. Öz sözünü dedi. Çox ilklərə imza atdı. Mən onu da təbrik edirəm, oyunçuları da. Yaxşı da futbol göstərirlər. Yaxşı ki, elə Qarabağın adı olub. Nə "Bakı, nə "Neftçi. Bəlkə də Çempionlar Liqasının qrupundan başqa komandamız oynasaydı, bu qədər sevilməyəcəkdi. "Qarabağ "Çelsi ilə səfərdə bərabər səviyyədə oynaya bilməzdi. Arada böyük səviyyə fərqi var. Amma komanda belə ağılla, işlərinə bu cür məsuliyyətlə davam etsə, inanıram ki, gələcəkdə nəhəng komandalarla başabaş mübarizə də aparacaqlar.