Bu ilin 9 ayı ərzində Azərbaycanda 1334 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 554 nəfər ölüb, 1260 nəfər xəsarət alıb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov unikal.org-a bildirib ki, qeydə alınan qəzalardan 450-si Bakı şəhərində baş verib. Nəticədə 139 nəfər ölüb, 392 nəfər xəsarət alıb.
V. Əsədov qeyd edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayı 165 fakt azalıb: "Ümumiyyətlə, son illər həm hadisələrin, həm də ölüm və xəsarət hallarının sayında azalma müşahidə olunur. Ötən illə müqayisədə ölkə üzrə qeydə alınan ölümlə nəticələnən yol qəzalarında 17 ölüm və 295 xəsarət faktı azalıb. 2013-cü illə müqayisədə isə ötən il paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən 150 ölüm, 309 xəsarət faktının azaldığını müşahidə edirik.
V. Əsədov əlavə edib ki, bu ilin 9 ayında Bakıda qeydə alınan yol-nəqliyyat hadisələrinin 95-i (ümumi hadisələrin 21,1% -i) sürət həddinin aşılması səbəbindən baş verib. Nəticədə 52 nəfər (37,4 %) ölüb, 53 nəfər (13%) yaralanıb. Qarşı zolağa çıxmaqla ötmə, manevretmə qaydalarının pozulması səbəbindən 212 yol qəzası baş verib ki, nəticədə 51 nəfər ölüb, 207 nəfər yaralanıb. Yol ayrıclarının keçmə qaydalarının pozulması səbəbindən baş vermiş 33 hadisə nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.
Bu il Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayı artaraq ümumi hadisələrin 67%-ni təşkil edib. Belə ki, piyadaların vurulması ilə nəticələnən 302 yol qəzası nəticəsində 100 nəfər ölüb, 213 nəfər xəsarətləri alıb. Piyada vurmaları ötən ilin 9 ayı ilə müqayisədə 17 hadisə, 8 ölüm faktı artıb, lakin 15 xəsarət faktı azalıb.