Unikal.org Hüseyn Əzizoğlu və anası Elnarə xanımın Musavat.com-a veriyi müsahibəni təqdim edir:
- Elnarə xanım özünüzü oxuculara necə təqdim edərdiniz?
- Baxışova Elnarə Vaqif qızı. Sıravi vətəndaşam. Həkim- kosmetoloqam. Salon işlədirəm. Günümün çox hissəsi burada keçir. Öz işini sevən biriyəm. Əsas da Hüseynin anasıyam.
- Hüseynin anası olmaq necə hissdir? Sizin onun anası olduğunuzu biləndə insanlar necə reaksiya verirlər?
- Heç kim inanmır ki, Hüseynin anasıyam. Hamı daha olgun və yaşlı qadın gözləyir. Eşidəndə hamı təəccüblə qarşılayır. Bənzərliyimiz çox azdır. Hüseyn daha çox atasına oxşayır. Biləndə deyirlər ki, Hüseyn sizə oxşayır. Amma mən oxşatmıram.
- Müsahibədən öncə söhbət edəndə dediniz ki, sizi avtomobilinin qarşısında oturmağa qoymur. Buna səbəb nədir?
- Xanım fanatları qısqanır. Hüseyn həmişə deyir ki, sevdiyim xanım yoxdur. Fanatları isə inanmır. Məni maşında görəndə deyirlər ki, bir xanım əyləşmişdi avtomobilində. Ona görə arxa oturacaqda əyləşirəm. Heç kəs inanmır ki, Hüseynin gənc anası var.
- Hüseynin anası olduğunuzu biləndə şikayət edən, tənqidlərini bildirənlər olurmu?
- Hüseynin özü ilə bağlı tənqid eşitməmişəm. Heç kim deməyib, deyə də bilməz ki, haradasa xoşagəlməz hərəkət edib. Çəkdiyi vine-larla bağlı tənqid edənlər olur. Biz də normal qarşılayırıq. Hər işdə tənqid olmalıdır, olmasa, maraqsız olar.
- Sosial şəbəkələrdə bəzən tənqidlər həddini aşıb, başqa boyuta keçir. O zaman ana olaraq nə hiss edirsiniz?
- Bəzən Hüseynin üzərinə çox gəlirlər. Narahat olub, əsəbləşirəm. Onu bəzən səhv başa düşürlər. Istəyirəm ki, o şəxslərə bir-bir zəng edib deyim ki, oğlumu səhv tanıyıblar. Hüseynə təzyiqlər olanda narahat oluram. O gəncdir, çılğındır, əsəblərini cilovlaya bilmir. Çox narahatlıq keçirirəm.
- Bu narahatlıq sizi "Kaş, Hüseyn tanınmış olmazdı deyə düşündürübmü?
- Heç vaxt elə düşünməmişəm. Mən hər zaman ona dəstəyəm. Deyirəm ki, möhkəm ol, normaldır. Sən əsəbləşmə. Hər zaman oğluma dəstək olmuşam. Deməmişəm ki, bunu etmək olmaz. Başa salmışam, özü düz olanı seçib. Ən əziyyətli günlərində ana olaraq dəstək olmuşam.
- Siz Hüseyni tək böyütmüsünüz. Bir qadın üçün bu asan deyil.
- Atası Hüseynin kiçik yaşlarında vəfat edib. Oğlumu tək böyütmüşəm. Biz ana-bala deyil, dostuq. Aramızda sirr yoxdur, hər şeyi bölüşürük. Hüseyn çox nadinc və ərköyün uşaq olub. Ata-anamın ilk nəvəsi olub, ona görə nazı ilə çox oynamışıq.
- Maddi çətinliklərinizin öhdəsindən necə gəlmisiniz?
- Hamıda çətinlik olur. Əvvəl atam sağ idi, kömək edirdi. Hüseyn balaca olanda işləyə bilmirdim. Qonşular bəzənməyə evə gəlirdi. Ailəm də dəstək olurdu. Hüseyn böyüyəndən sonra işləməyə başladım. Çətinliyimiz bitdi. İndi ikimizdə çalışırıq. Onun qazancını xərcləməyə qıymıram. Biz çox çətinlik çəkmişik, Hüseyn atasız böyüyüb. Elə olub ki, 1 boşqab yeməyimiz olub. Yalandan demişəm ki, toxam, sən ye. Amma gözləmişəm ki, qabağından qalanı yeyim. Əziyyətli günlərimiz çox olub, bizi tanıyanlar bilir. İndi onun qazancını dağıda bilmirəm. Axı, Hüseynin də övladı olacaq.
Bu zaman söhbətə Hüseyn qoşulur: "Bizim aramızda heç vaxt problem olmayıb. Anam məni tək böyütsə də, çətinlik çəkməyə imkan verməyib. Hər işdə mənə kömək olub.
- Hüseyn qazancını sizə verir, ya özü xərcləyir?
- Qəpiyinə kimi mənə verir. Gündəlik cib xərcini verirəm. O puldan qəpik də qalsa, gətirib mənə verir. Səhər yenidən xərclik verirəm. Onda çox pul olmasını xoşlamıram. Cavan uşaqdır. Ona görə çox pul ona lazım deyil. Oğlumdur deyə demirəm, çox ağıllı uşaqdır. Ancaq sənətində irəliləmək istəyir. Allah bütün valideynlərə Hüseyn kimi bala qismət etsin.
- Bilirəm ki, Hüseyn vine-a başlayanda ilk dəstəkçisi siz olmusunuz.
- İlk vine başlayandan ona dəstəyəm. Bəzən özüm telefonla çəkmişəm, bəzən qrim etmişəm. Bəzi vine-larda səsim də yer alıb. Bəzən gecə saat iki-üçdə də istəsə, kömək etmişəm. Gah telefonu tutmuşam, gah işığı. Mənim geyimlərimdən istifadə edir. Elə bahalı paltarlarım var ki, vine-da geyinildiyi üçün geyinə bilmirəm. Yaşıl plaş almışdım, bir dəfə də geyinməmişdim. Hüseyn onunla vine çəkdi. Yağışlı günlərin birində həmin plaşı geyinib mağazaya getdim. Satıcı qız məndən soruşdu ki, siz Hüseynin anasınız? Haradan bildiyini soruşdum. Cavab verdi ki, plaşdan tanıyıb. O gündən bəri o plaşı geyinmirəm. Toy paltarlarımı, ayaqqabılarımı, yaylıqlarımı, pariklərimi xarab edib.
- Hüseyn vine çəkməyə başlayanda düşünürdünüz ki, məşhur olacaq?
- Düşünmürdüm. Fikirləşdim ki, uşaqdır, pis işlərə qoşulmaqdansa, vine çəksin. Biz Yasamalda yaşayırıq, ora bir az kriminal zonadır. Təhlükəli işlərə qoşulmaqdansa, vine çəkməyi məsləhət idi. İndiki durumu məni sevindirir. Yaxşı ki, vaxtında övladıma dəstək olmuşam.
- Bəs gələcək gəlininizi necə təsəvvür edirsiniz?
- Tək uşaq saxlamaq çətindir. Gəlinim Hüseynin qayğısına qala bilməlidir, onu sevməlidir. Dil tapmağı bacarmalıdırlar. Əsas budur. Əgər oğlum o xanımla xoşbəxtdirsə, mən də xoşbəxt olacağam.
- Həmin xanım şou-biznesdən ola bilərmi?
- Seçim Hüseynindir. O istəyirsə, mənim üçün problem olmaz.
Hüseynə üz tuturam. Evlənəcəyiniz xanım necə biri olmalıdır?
- O haqda düşünməmişəm. Hər halda anamla məsləhətləşəcəyəm.
Elnarə xanım söhbətə davam edir: "Hüseynin 22 yaşı var, hələ tezdir. Birincisi Allahın qismətidir. Zeynəb Xanlarova demişkən, mən seçərəm, oğlum sevər.
- Yeni salon açmısınız. Hüseynin anası olmağınız müştəri sayına təsir edir?
- Əlbəttə edir. Tez-tez gənc xanımlar gəlir. Həm bəzənirlər, həm Hüseyni soruşurlar. Hüseyn bizim salonda çəkiliş edir, izləyiciləri ilə bölüşür. Bu zaman effektini görürük.
- Hazırda Hüseyn "Vine showda iştirakçıdır. Qalib olacağını düşünürsünüz?
- İnanıram. Hüseyni sevənlərdən dəstək gözləyirəm. Qalibə nə hədiyyə olunacağını bilmirəm. Amma deyilənə görə avtomobildir. Hüseyn deyir ki, avtomobil udsa, mənə verəcək. Müsabiqdə olan hər kəsə uğurlar arzulayıram. İstedadlı olan qazansın.