Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyəti Ankara və Vaşinqton arasındakı viza böhranı səbəbindən oktyabrın sonunda ABŞ-a planlaşdırılan səfərini ləğv edib.
Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə Ədliyyə Nazirliyinin məlumatında bildirilir.
Bundan əvvəl Türkiyə KİV-ləri ABŞ-ın nümayəndə heyətinin üzvlərinə viza verməkdən imtina etməsinin səfərin ləğvinə səbəb olduğunu bildiriblər.
"Türkiyə Ədliyyə Nazirliyinin nümayəndə heyəti Amerika tərəfinin dəvəti ilə 29 oktyabr-4 noyabr tarixlərində ABŞ-a səfər etməyi planlaşdırmışdı. Lakin ölkələrimiz arasında viza böhranı səbəbindən səfər ləğv edildi. Əməkdaşlarımız tərəfindən vizanın alınmasına dair nə fərdi, nə də rəsmi şəkildə heç bir sorğu verilməyib. Vizaların verilməsindən imtinaya dair xəbərlər həqiqətə uyğun deyil, - deyə nazirliyin məlumatında bildirilir.
Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal oktyabrın əvvəlində FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və M.Topuzun saxlanılmasının iki ölkənin tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib.
Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib.