"Özümə güvənirdim. Deyirdim qazanacam. Hər iki ayağım zədəli olsa da, təslim olmadım".
Bu sözləri bir neçə gün öncə Macarıstanın Budapeşt şəhərində keçirilən WAKO üzrə dünya çempionatından qələbə ilə qayıdan Bəhram Rəcəbzadə deyib. Bununla da, "altın qurd" ləqəbli idmançı Azərbaycanın bu versiyasiyada 9-cu dünya çempionu olub.
Daha çox peşəkar döyüşləriylə məşhur olan B.Rəcəbzadə Unikal.org-a danışıb:
- İllərdir peşəkar döyüşlərdə çıxış etmisiz. Sizcə bu yarışla peşəkar döyüşlər arasında fərq var? Hansı daha çətindir?
- Təbii ki, fərqi var. Peşəkar döyüşlər daha çətindir. Burada daha çox zədə alırıq.
- O zaman bu yarış daha asan oldu?
- Əslində bu yarış mənim üçün çox da asan olmadı. Çünki zədələrim vardı. Ankaradakı peşəkar döyüşdə ciddi xəsarət almışdım. Deyə bilərəm ki, həyatımda ən çətinlik çəkdiyim döyüşlərdən biri də bu çempionat oldu.
- Dünya çempionatından öncə peşəkar döyüşə çıxmaqla risk etmisiniz...
- Düzdür böyük risk idi. Amma idmana böyük risklərə atılaraq başlamışıq.
- Zədəniz hazırdə nə durumdadır?
- Zədəm yarış zamanı çox ağır idi. Əsas da final döyüşündə çətinlik çəkdim. Zədəyə baxmayaraq bayrağımızı qaldırdıq. Sabaha qədər yatmadım. Yarışa çıxa bilmək üçün müalicə etdim.
Finala elə çıxdım ki, sanki heç bir zədəm yoxdur. Finalı nokautla qazandıqdan sonra ağrılarımı hiss etdim. Yarışdan sonra ayaq üstə durmağa halım yox idi.
Bundan sonra da döyüşüm olacaq. Qismət olarsa 2018-ci ilin ilk ayı Almaniyada dünya kəməri uğrunda rinqə çıxacam. Amma həmin vaxta qədər bir az fasilə verəcəm ki, zədələrim sağalsın.
- Sirr deyilsə, bu qələbədən sonra mükafat aldınızmı?
- Sirr deyil. Amma hələ mükafatımı almamışam. İnşallah yaxın zamanda federasiyamızın prezidenti, millət vəkili Adil Əliyevlə yenə görüşəcəyik. Güman ki, orada təqdim olunacaq. Adil Əliyev kikboksçulara daim dəstək olub.
- Qələbədən sonra Adil Əliyevlə görüşünüz olub.
- Adil Əliyevlə qələbədən sonra görüşdük. Məni təbrik etdi, sevindiyini vurğuladı. Biz də öz növbəmizdə verdiyi dəstəyə görə təşəkkür edirik. İnşallah daha yüksək yerlərdə olarıq. Qeyd edim ki, Azərbaycan kikboks tarixində ağır çəkidə WAKO versiyası üzrə "k 1də ilk dünya çempionu mənəm.
Aygün İlqarqızı