Noyabrın 24-də Saatlı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən mətbuata verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:02:04-də qeydə alınıb. Ocağı 58 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Ölkə ərazisində yeraltı təkanların hələ də davam etməsi bir sıra insanlarda müəyyən qədər qorxu yaradıb. Hətta paytaxtda özləri üçün "zəlzələ çantası hazırlayanlar belə var. Biz də baş verən zəlzələnin paytaxtda və Abşeron yarımadasında ola bilmə ehtimalını öyrənmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ilə əlaqə saxladıq.

Q.Yetirmişli Bakıda və Abşeron yarımadasında zəlzələ ocağının olmadığını dedi: "Burada zəlzələ baş vermir. Ancaq zəlzələ təsiri Xəzər dənizində olan zəlzələ ocaqlarından gəlir. 2000-ci ildə Bakıda baş vermiş zəlzələ Xəzərin cənub şərqində olmuşdu. Bakı və Abşeronda baş verən həmin zəlzələnin təsiri idi.


Q.Yetirmişli Azərbaycan ərazisində tarix boyunca baş vermiş zəlzələlərə gəlincə isə ilk zəlzələnin Gəncədə baş verdiyini dedi: "Ölkəmizin zəlzələ tarixi 427-ci ildən başlayır. İlk zəlzələ Gəncədə olub. Həmin il Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində xeyli insan həlak olub. Azərbaycanın seysmoloji tarixinin əsası da həmin ildən başlanır. Bu zəlzələdə Gəncə bütünlüklə dağılıb. Bu barədə tarix, ədəbiyyat kitablarında da yazılıb. Şamaxı zəlzələsi sonra olub. 1667, 1669, 1671-ci illərdə ard-arda baş verən bu zəlzələlər Azərbaycan tarixində ən güclü təkanlardan sayılır. Bu üç zəlzələdə 100 mindən artıq insan həlak olub. 1667-ci ildə Şamaxıda baş verən zəlzələ isə 10 bala yaxın idi. Bu zəlzələlərin ən pis cəhəti o idi ki, onlar həm də çox ciddi ekoloji böhran yaratdılar. Zəlzələlər ekologiyaya ağır zərbə vuraraq, bir andaca Şamaxının xarabalığa çevrilməsinə, yaşıllıqların yerində uçurumlara səbəb oldu. 1669-cu ildə baş verən zəlzələ nəticəsində minlərlə ev dağıldı, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı oldu, yüzlərlə bulaq qurudu, meşələr isə yerin altına getdi. Yaşıllıqlar vadisi adlanan Şamaxı ekoloji baxımdan insan yaşaması mümkün olmayan bir xarabalığa çevrildi. Şamaxıda axırıncı zəlzələ isə keçən əsrin əvvəli 1902-ci ildə olub.

Ekoloq Telman Zeynalov Bakıda zəlzələ baş versə belə insanların təşvişə düşməsinə heç bir əsas olmadığını dedi: "İnsanları qorxudan məlumatlar yayılır ki, bu gün sabah İranda, İraqda, Türkiyədə baş verən zəlzələlər Bakıda da olacaq. Abşeron yarımadasında, Böyük Qafqazda, Kiçik Qafqazda, Talış dağlarında da. Cavan dağlarda mütəmadi olaraq zəlzələlər baş verir. Çünki burada hələ yer kürəsi formalaşmayıb. Ona görə də zəlzələ burada 4 bala qədər mütəmadi olacaq. Bu da qorxulu deyil. Bizim zəlzələlərlə məşğul olan, əllərini sinəsinə vuraraq biz alimik deyən şəxslər proqnoz verə bilmirsə, demək ki, onlar alim deyil. Camaatı qorxutmaq lazım deyil. Lap 5 bal gücündə zəlzələ olsa belə, heç bir bina sökülüb dağılmayacaq. İndi kim bina tikirsə, 8-9 bal gücündə zəlzələyə tab gətirə biləcək binalar tikir. 2000-ci ildə Bakıda 6.8 bal gücündə zəlzələ baş vermişdi. Hansı bina uçdu? Heç biri. Türkiyədə 5,7 bal oldu, bütün binalar uçdu. Çünki binalarını zəlzələni gücünə uyğun tikmirlər. Bakıda yalnız köhnə beş mərtəbəli binalarda çat baş verdi vəssalam. Onu da düzəltdilər. Buna görə də təşvişə ehtiyac yoxdur. Gündə min dəfə də zəlzələ baş verə bilər. Bu o demək deyil ki, camaat evindən eşiyindən didərgin düşüb gedib çöllərdə qalsın.

Musavat.com