Peru parlamenti futbolla bağlı qanun layihəsini qəbul etməkdən imtina edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, parlamentin belə qərar verməsinə səbəb yığma komandanın dünya çempionatından uzaqlaşdırıla biləcəyini əsas götürməsidir.
Konqresmen Paloma Nosedo Peru Futbol Federasiyasının dövlətin nəzarətinə keçməsi ilə bağlı qanun layihəsi hazırlamışdı. Amma FİFA qaydalarına görə, hakimiyyətin federasiyanın işinə müdaxiləsi qadağandır.
Qanun qəbul edilsəydi, Peru FİFA-dan çıxarılacaq, yığma komanda isə mundialdan uzaqlaşdırılacaqdı.
Peru 5-ci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu ölkə sonuncu dəfə DÇ-1982-nin iştirakçısı olmuşdu.