Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.
DSX-nın Mətbuat Mərkəzindən unikal.org-a verilib ki, 15.12.2017-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı - 1993-cü il təvəllüdlü Şukla Sarxar Jitendrakumar (Shukla Sarkhar Jitendrakumar) və 1995-ci il təvəllüdlü Şukla Yaş Jitendrakumar (Shukla Yash Jitendrakumar) saxlanılıb.
Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş taksi sürücüsü və bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçirilməsinə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyənləşdirilərək yaxalanıb.
Bununla yanaşı, 17.12.2017-ci il tarixdə Ağstafa rayonu «Böyük-Kəsik» sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindistan vətəndaşı, 1995-ci il təvəllüdlü Sinqh Suxvinder (Singh Sukhvinder) şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər Hindistan vətəndaşına məxsus pasportlar aşkar olunub. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyənləşdirilib.
Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.