Bu gün Heydər Əliyev Fondu Qaradağ rayonunun Sahil qəsəbəsindəki "Xəzri şadlıq evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud olan uşaqlar, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirdi.
Unikal.org xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək qeyd etdi ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin ümumdünya birlik günüdür. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağının əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edir.
Millət vəkili Yeni ilin gəlişini uşaqlarımızın daha çox gözlədiyini də qeyd edərək bildirdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara böyük məhəbbət və diqqətlə yanaşır, onlara dövlət qayğısı göstərirlər. Ənənəvi olaraq həmişə Yeni il münasibətilə uşaqlar üçün xeyriyyə tədbirləri keçirilir. Bu günkü mərasimi də həmin tədbirlərdən biri hesab etmək olar. Uşaqları qorumaq, onlara hörmətlə yanaşmaq hər birimizin müqəddəs borcudur. Uşaqlar qayğısız, problemsiz və xoşbəxt görmək istəyiriksə, onlara diqqət və qayğının, hörmət və ehtiramın artırılması, vətənpərvər, millətsevər və humanist ruhda tərbiyə olunması bizim hər birimizin ən ümdə vəzifəsinə çevrilməlidir.
Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova çıxış edərək Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun salamlarını tədbir iştirakçılarına çatdırdı və onun adından uşaqları təbrik etdi. Sonra çıxışına davam edərək uşaqların keyfiyyətli təhsil alması, onlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və qayğı ilə əhatə olunması üçün onların sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirdi. Qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır.
Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik iri miqyaslı layihələr, sosial proqramlar həyata keçirilir.
Daha sonra tədbir bayram konsert ilə davam etdirildi. Şaxta baba, Qar qız, cizgi film personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən uşaqlara yeni il hədiyyələri verildi.
Sahil qəsəbəsindəki "Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyinin, E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin və Lökbatan qəsəbəsindəki 9 nömrəli uşaq somatik sanatoriyasının rəhbərliyi uşaqlara göstərilən bu diqqət və qayğıya görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürlərini bildiriblər.