Bu gün Bakıda yeni doğulmuş uşağın satışa çıxarılması hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Unikal.org xəbər verir ki, lent.az-ın əməkdaşı 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib.
Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
O qeyd edib ki, 24 yaşı var və əslən Tovuz rayonundandır, uşağını da imkansızlıq səbəbindən satmaq istəyirmiş:"Neçə vaxtdır ailə qurmuşam, kirayə yaşayıram. Amma iş tapa bilmirəm. Boyum balaca olduğu üçün mühafizə işinə götürmürlər, marketlərə yazdığım cv-lərə də cavab vermirlər. Ona görə çıxılmaz vəziyyətdə qalmışdım, evdə yemək, pampers qurtarmışdı, başımı itirmişdim. Bilmirdim nə edim, ona görə də belə bir fikir ağlıma gəldi.
Soyadını açıqlamaq istəməyən gənc əlavə edib ki, məsələ ictimailəşəndən sonra yaxın dostu ona kömək edəcəyinə söz verib:"Bir dostum var, tez gəldi, mənə sillə vurdu. Dedi, sənin başın xarab olub? Səni tuta bilərlər. Ev sahibini çağırıb kirayə pulumu verdi. Mən də tutduğum əməldən peşman oldum, indi internet-kluba gedirəm, elanı çıxardacağam.
Övladını satışa çıxaran Orxan əlavə edib ki, həmin dostu ona avtoyuma məntəqəsində fəhləlik işi təklif edib və sabahdan maşın yuyub pul qazanacaq:"Mənim gündəlik qazancım olsa, evə çörək apara bilsəm, heç vaxt belə bir iş tutmazdım.
Qeyd edək ki, uşağın satılması ilə bağlı xəbər yayılandan sonra həmin elan saytı bir neçə dəqiqəlik fəaliyyətini dayandırıb. Axşam saatlarında isə uşaqla bağlı elan saytdan yığışdırılıb.