Dekabrın 23-də itkin düşən "Gilavar hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Unikal.org-un xəbərinə görə bu barədə Lent.az-a "Gilavar Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək:
"Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli alpinistdir. Baburun üzərində 27 kiloqramlıq yol çantası olub, ola bilməz ki, oradan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırırlar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik.
Z. Qasımov bildirib ki, axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-nin 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir.
Qeyd edək ki, "Gilavar Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.