Şamaxı rayonunun Quşçu kəndi ərazisində püskürən vulkan sönüb.
Unikal.org xəbər verir ki, bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoekoloji Monitorinq Mərkəzinin direktoru Əli Əliyev bildirib.
Onun sözlərinə görə, nazirliyin əməkdaşları vulkan püskürən əraziyə baş çəkiblər və oradan faktik materiallar götürüblər. Sabah həmin materiallar təhlil olunacaq: "Həmin bölgədə çoxlu sayda kiçik vulkanlar yerləşir. Bu da onlardan biridir. Vulkanın püskürmə məhsulu çox az əraziyə yayılıb və yaşayış evləri üçün təhlükə törətmir".
16:15
Şamaxı rayonunda palçıq vulkanı püskürür.
Unikal.org-un apa-ya istinadən xəbər verir ki, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.
Kənd sakini Adəm Yusifov bildirib ki, insanlar gecə vulkanın gurultu səsinə oyanıb: "Vulkan püskürməsi zamanı yerin altından xaric olan məhsullar təxminən 10 metr hündürlüyə qalxaraq 1.5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü.
Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 20-30 mert aralıda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.