"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ədəbiyyat Müsabiqəsi elan edir.

Yazıçılar kimi düşünür, bədii ifadə qabiliyyətiniz və sınanmış qələminiz varsa, bu müsabiqədə iştirak edə bilərsiz.

Bu müsabiqə Bakı haqqında dərc olunacaq almanax üçün nəzərdə tutulub və onun müəlliflərindən biri olmaq şansınız böyükdür.

Müsabiqənin məqsədi - istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də bu şəhərin həyatına dair parlaq epizodlar və maraqlı hekayələrdən ibarət toplu yaratmaqdır. Bakı isə elə bir şəhərdir ki, hər küçəsində bir sir, hər evində bir həyat hekayəsi var.

Janr seçimi və hadisələrin təsvir olunacağı tarixi dövr - müəlliflər üçün sərbəstdir. Təşkilatçılar Sizi hər hansı bir məhdudiyyətdən azad etməyi vacib biliblər. Odur ki, əsərinizin qəhrəmanı Bakı şəhəri də ola bilər, yaxud əksinə, bu şəhər - yazacağınız mətndə təsvir olunan hadisələrin fonu kimi də verilə bilər. Təxəyyül məhsulu ilə gerçək hadisələr qovuşa da bilərlər. Personajlarınız İçərişəhərin əyri-üyrü küçələrində gəzişə və yaxud şəhərdən uzaq bir qəsəbənin sakinləri ola da bilərlər. Hekayəniz başdan-başa uydurma da ola bilər, sizin və ya qeyrinizin şahidi olduğunuz gerçək hadisə də. Ailə əhvalatınızı danışacaqsız, yoxsa bioqrafik bədii nəsr yaradacaqsız - bu vacib deyil.

Vacib olan şərtlər bunlardır:

* Yazınıza ilham verən - Bakı şəhərinin hər hansı bir guşəsi, yaxud bu şəhərlə bağlı bir xatirə olsun.
* Nikbin bir ruhda yazılmaqla yanaşı, oxucuda şəhərimizin isti ovqatı, günəşli günləri kimi, müsbət təəssürat oyatsın .

Mətnlər üç dildə (azərbaycan, ingilis və rus dillərində) qəbul olunur.
Maksimal həcm: boşluqlarla birgə 42 000 işarə (10 çap səhifəsi - təxminən 2500 söz).
Münsiflər heyəti kitabda dərc etmək üçün 20 finalçı seçəcək.

Pul mükafatları:

Birinci yer - 3 000 AZN
İkinci yer - 1 500 AZN
Üçüncü yer -1 500 AZN

Münsiflər heyətini diqqətinizə təqdim edirik:
Çingiz Abdullayev - Azərbaycanın xalq yazıçısı
Tərlan Qorçu - teatr rejissoru, Marionet teatrının bədii rəhbəri
Cahangir Səlimxanov - musiqişünas, mədəni siyasət üzrə ekspert, art-menecer
Elizabet Uayt - British Council nümayəndəliyinin direktoru
Rəhman Hacıyev - 1News portalının baş redaktoru
İsmayıl Səfərəli - rejissor
Elçin Əliyev - professor, sənətşünaslıq doktoru
Nərgiz Cəlilova - aparıcı, Azərbaycanın xalq artisti
Əsmər Abdullayeva - sənətşünas
Nigar Həsənzadə - şair
Ülviyyə Axundova - şair, yazıçı, tərcüməçi
Əsli Səmədova - mədəni layihələrin təşəbbüskarı

Hekayələrinizi bu ünvana göndərin: [email protected] 

Mətnlərin qəbulu 20 aprel 2018-ci ilə qədərdir.