Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu.

Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı. Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Unikal.org-a işdən azad olunan Səbinə Məmmədova ilə bağlı açıqlama verib.

O deyib ki, Səbinə Məmmədova yayılan məlum video ilə bağlı deyil, aşağıdakı səbəblərdən tutduğu vəzifədən kənarlaşdırılıb:

"Səbinə Məmmədovanın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbəri Həqiqət Qədirova ilə bağlı iddaları olub. Sözügedən məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, iddiaları əsassızdır və sözügedən video ilə heç bir bağlılığı yoxdur. Onun işdən uzaqlaşdırılmasının əsas səbəbi, iş yerini özbaşına tərk etmə, işdən icazəsiz qalma və ən əsası rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında icra etməməsi olub.

Liya Bayramova onu da deyib ki, Səbinə Məmmədova İnstitututa qarşı bu cür yalan informasiyaları mətbuata ötürməkdə davam edərsə o, Səhiyyə Nazirliyinin "Qara siyahısına salınacaq.

Səbinə Məmmədova isə Unikal.org-a Səhiyyə Nazirliyinin bu açıqlaması konkret tərəf tutduğunu iddia edib: "Məndə bütün sübutlar var və işdən azad olunmağımla bağlı müraciət etmişəm. Bütün barəmdə deyilənlər şər-böhtandır. Məhkəmədə kimin haqlı-haqsız olduğu bilinəcək. 
Həqiqət Qədirova Səhiyyə naziri Oqtay Şirəliyevin tələbə yoldaşı olduğuna görə onu müdafiə edir, vəzifəsindən sui-istifadəyə yol verir. Ona görə də mənim bu məsələnin araşdırılmasında güvənəcəyim şəxslər Prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevadır. Və onlardan kömək istəyirəm. Mən bu xalatı ulu öndər Heydər Əliyevin xeyir-duası ilə geyinmişəm. Ona söz verdiyim kimi ömrümün sonuna qədər səhiyyəmizin keşiyində duracağam."





Zaurə Əmirova