Ölsəm şəhidəm, qalsam qazi! "Şəhiddən başqa cənnətə girən heç bir kimsə yoxdur ki, dünyaya dönməyi və yer üzündəki hər şeyin özünün olmasını diləsin. Şəhid isə gördüyü ehtiramdan ötəri yenidən həyata dönməyi və on dəfə şəhid olmağı arzu edər."
İslam peyğəmbəri (s).
Şəhidlik ölümsüzlüyü arzulayan insana Allahın təqdim etdiyi ən böyük nemətdir. Bəndələr bu fürsətə haqq uğrunda mübarizəylə nail olurlar. Müsəlmanın əsas vəzifələrindən bir də pisliklərlə mübarizə etməkdir. Şəhidlər bu mübariəzədən üzü ağ çıxaraq əvvəlcədən onlara vəd edilmiş mükafata, ali bir dərəcəyə sahib olurlar.
Şəhid sözü ərəb dilindən Azərbaycan dilinə "bir hadisəyə şahid olmaq", "bir yerdə hazır olmaq", "bildiyini söyləyib şahidlik etmək" kimi mənalara gəlir. Şəhidlik dini termin olaraq Allah yolunda, vətən uğrunda canını fəda edən müsəlmana verilən addır. Ona bu adın verilməsinin başlıca səbəbi cənnətlik olmasına şahidlik etməsi, yaxud Allahın hüzurunda daim yaşamasıdır. Allah şəhidlərin ölmədiklərini, onlara ölülər deyilməsinin qadağan olduğunu Quranın müxtəlif surələrində dilə gətirmişdir. Bu barədə aşağıdakı surələrə nəzər sala bilərik: "Allah yolunda ölənlərə: "ölülər" deməyin; Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz. (2/154)
Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir. (3/157)
Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar. (3 / 169-171)"
Qeyd olunan ayələrdən bir daha şəhidlərin məqam və dərəcəsi bizim üçün aydın olur. Allah bu ayələrlə yanaşı, bir sıra surələrdə də şəhidlik məqamının fəzilətindən söhbət açmışdır.
Şəhidlik barədə bir sıra hədislər mənbələrdə qeyd olunmuş, şəhidlərin qiyamət günündə təkcə bağışlanmağı ilə yox, həm də şəfaət etmələri barədə İslam peyğəmbəri (s) "Şəhid qohumlarından yetmiş adama şəfaət istər və şəfaəti qəbul edilər." hədisi ilə xəbər vermişdir.
Müsəlman olan, yalnız və yalnız Allah üçün hərbə gedən, heç bir məqsəd və mənfəət daşımayan, dinini, vətənini, namusunu qorumaq üçün, o niyyətlə döyüşə qatılıb öldürülənlər şəhiddir. Şəhid canını qurban verməklə yanaşı, özündən sonra yaxınlarını gözü yaşlı saxlayan lakin onlara başucalığı və şəfaət gətirən varlıqdır.
Əslində döyüşə ölmək üçün deyil, düşmən öldürmək, hücum və azğınlığı dayandırmaq üçün gedirlər. Ölümdən qorxmağa gərək yoxdur, çünki bu, Allahın dəyişməyən qanunudur. Millətə və dinə qarşı hücuma qanuni müdafiə, yaxın və uzaq təhdidi aradan qaldırmaqla bu zirvəni fəth edənlər Vətəni üçün ölməkdən və öldürülməkdən qorxmazlar.
Müsəlmanları düşmənlərinə üstün edən ən mühüm əsaslardan biri "ölsəm şəhidəm, qalsam qazi! .." inancıdır. Bu vəziyyət, ayədə "iki gözəldən biri" şəklində ifadə edilmişdir. (Tövbə, 9/52) Yəni, mömin üçün döyüşdə iki gözəl nəticədən biri vardır: Ya qalib gələcək, ya şəhid olacaq.
Şəhidlik İslamda ən böyük mərtəbədir. Şəhidlərin Allah qatında qədir və qiymətləri çox ucadır. Axirətdə ən böyük rütbə peyğəmbərlikdən sonra şəhidlik olduğu ifadə edilmişdir. Bunun başlıca səbəbi şəhidlərin bütün günah və qüsurları Allah tərəfindən əfv edilməkdədir.
Şəhid deyilincə Allah yolunda və vətən uğrunda canını fəda edən kimsə ağla gəlir. Əsasən şəhid bu mənada istifadə olunur. Bununla birlikdə başqa şəkillərdə ölənlərdən şəhid olanlar da vardır. Ayrıca bəzi şəhidlər vardır ki, onlara tətbiq olunan müddəalar digər şəhidlərə tətbiq edilmir. Bunun üçün İslam alimləri şəhidləri Allah qatındakı vəziyyətləri etibarilə iki hissəyə ayırmışlar:
a) Kamil şəhidlik
b) Axirət şəhidləri
1. Kamil şəhidlik zirvəsində olanlar kimlərdir?
Həm dünya, həm də axirət etibarilə şəhid sayılan kəslərə, kamil şəhidlər deyilir. Bunlar müharibədə öldürülənlər, yaxud asilər, quldurlar, anarxistlər və ya evində oğrular tərəfindən zülmlə öldürülən kəslərdir.
Bir Müsəlmanın kamil şəhid sayılması üçün altı şərt lazımdır:
1. Müsəlman olmaq.
2. Ağıllı olmaq.
3. Həddi buluğ olmaq.
4. Qüslsüz olmaq
5. Vurulmadan dərhal sonra şəhid olmaq. (Vurulduqdan sonra, müalicə görsə, vurulduğu yerdən başqa tərəfə daşınsa və ya üzərindən bir namaz vaxtı keçəcək qədər yaşasa, kamil şəhidlik qisimindən çıxar, həmin şəxs axirət şəhidi sayılar.)
6. Qəsdən öldürülənlər. (Səhvən öldürülmə vəziyyətlərində qatilə qisas vacib olmadığı üçün öldürülən kamil şəhidlər qisiminə girməz.)
Kamil şəhidlər yuyunmadan qanlı paltarları ilə qalırlar. Necə ki, həzrəti Əli də (ə) bu şərtlərdən biri olmadığı üçün qüsl verilib dəfn edilmişdir.
Allah Rəsulu şəhidlərin qiyamət günü ilk dəfə açılan yara ilə qanının qırmızı və müşk qoxusu ilə gələcəyini bildirmişdir. Bundan başqa şəhidlərin digər ölülərdən fərqlərini belə sıralaya bilərik:
•Vurulub qanı axmağa başladığı an günahları bağışlanır.
•Cənnətdə özü üçün hazırlanmış yeri görür.
•Sadəcə qarışqa sancması qədər acı hiss edər.
•Qəbir əzabından qurtular.
•Qiyamət və hesab günün qorxularından əmin olar.
•Başına tac qoyular və iman zinətinə bürünər.
•Hurilərlə evləndirilər.
•Qohum-əqrabalarından yetmiş nəfərə şəfaət etmək haqqı verilər.
Bir Müsəlmanın kamil şəhid sayılması üçün altı şərt lazımdır:
•Müsəlman olmaq.
•Ağıllı olmaq.
•Həddi buluğ olmaq.
•Qüslsüz olmaq
•Vurulmadan dərhal sonra şəhid olmaq. (Vurulduqdan sonra, müalicə görsə, vurulduğu yerdən başqa tərəfə daşınsa və ya üzərindən bir namaz vaxtı keçəcək qədər yaşasa, kamil şəhidlik qisimindən çıxar, həmin şəxs axirət şəhidi sayılar.)
•Qəsdən öldürülənlər. (Səhvən öldürülmə vəziyyətlərində, qatilə qisas vacib olmadığı üçün, öldürülən kamil şəhidlər qisiminə girməz.)
Kamil şəhidlər yuyunmadan qanlı paltarları ilə qalırlar. Necə ki, həzrəti Əli də (ə) bu şərtlərdən biri olmadığı üçün qüsl verilib dəfn edilmişdir.
2. Axirət şəhidləri kimlərdir?
Dünya etibarilə şəhid sayılmayan, yəni, yuyulub kəfənlənmiş olaraq dəfn edilən, lakin axirətdə şəhid rəftarı görən kəslərə axirət şəhidləri (şəhid üxrəvi) deyilir. Kamil şəhid olmanın şərtlərindən birini itirən kəslər, bu hissəyə girərlər. Bundan başqa aşağıdakı hallarda dünyasını dəyişənlər də axirət şəhidləri sırasına daxil olurlar.
a)Suda qərq olanlar,
b)Odda yananlar,
c)Dağıntı altında qalanlar,
d)Qızdırmalı xəstəlikdən ölənlər,
e)Elm yolunda ölənlər,
f)Sağalmaz xəstəliklərə yoluxanlar,
g)Halal ruzi üçün çalışarkən iş qəzasından ölənlər,
h)Cümə gecəsi ölənlər,
i)Qürbət yerdə vəfat edənlər,
j)Hamilə və doğuş zamanı ölənlər,
k)Əqrəb, ilan sancması kimi səbəblərlə vəfat edənlər….
Şəhid olan insanların qul haqqı xaricindəki bütün günahları bağışlanar. Şəhid olmaq, hər kəsə nəsib olmayan böyük bir şərəfdir, möminlər üçün mükəmməl nemətdir. Gözəl bir şəkildə yaşamaq, ondan sonra Allah yolunda Onun rizası üçün şəhid olmaq, hər möminin xəyal etdiyi bir xoşbəxtlikdir. İman sahibi olan insanın belə bir şüur və düşüncə ilə yaşaması, Peyğəmbərimiz tərəfindən "Şəhid, tökülən ilk qanı əsnasında ona altı xislət verilir: Günahları bağışlanar, Cənnətdəki məqamını görər, Qiyamətin böyük qorxusuna qarşı təminat alar, qəbir əzabından amada qalar, iman paltarı ilə zinətləndirilər." "Şəhid olmağı Uca Allahdan səmimi olaraq diləyən kimsəni, Allah, rahat yatağında vəfat etsə belə, şəhidlərin dərəcəsinə çatdırır." gözəl şəkildə təriflənmişdir!
Qazi, döyüşə, cihada qatılıb sağ olaraq geri dönən kimsə deməkdir. Döyüşdə iştirak edənlərə mücahid deyilir. Mücahid sağ olaraq evinə dönsə qazi adlanır. Qazilik və şəhidlik uca bir mərtəbədir. Qurani-Kərimdə şəhidlik və qazilik üçün iki gözəllik, iki yaxşılıq təbiri istifadə edilməkdədir. (Tövbə 52) Quran-kərimdə bu haqda buyurulur ki: "Elə isə, dünya həyatına axirəti satın alanlar Allah yolunda vuruşsunlar; Kim Allah yolunda vuruşub öldürülərsə və ya qalib gələrsə, Biz ona böyük bir mükafat verəcəyik (4/74)
De ki: "Siz bizim üçün iki yaxşı işdən (şəhidlik və ya zəfərdən) birinin gəlməsinimi gözləyirsiniz? Halbuki biz də Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik Doğrusu biz də sizinlə birlikdə gözləməkdəyik"." (9/52 )
İnsan həyatı boyu çalışaraq bir çox rütbə və məqamlar əldə edir. Bu rütbələrin başında heç şübhə yox ki, şəhidlik və qazilik gəlir. Çünki bu rütbələr həyat qarşılığında əldə edilməkdə və inanc sayəsində qazanılmaqdadır. Həm Haqq qatında və həm də xalq yanında şəhadət mərtəbəsinə yüksəlmək, böyük nailiyyətdir. Qazi Allah yolunda, vətən uğrunda döyüşdüyü və şəhid olmağı arzu etdiyi halda ölməyib, sağ qalan kimsədir. Qazi də şəhid olmaq və bu mərtəbəyə yüksəlmək üçün savaşdığından ötəri o da şəhidlər dərəcəsindədir.
"Torpaq, əgər uğrunda ölən varsa Vətəndir." sözü, nə gözəl bir sözdür. Şəhidlik və qazilik olmadan vətən olmaz. Bəli, vətən bir torpaq parçasıdır, amma hər torpaq parçası vətən deyil. Vətən, uğrunda şəhidlərin qan axıddıqları torpaq parçasıdır. Sahib olduğumuz bu vətən qəhrəman ata-babalarmızın hər qarışını qanları ilə sulayaraq bizə əmanət etdikləri torpaqlardır. Əmanəti olduğu kimi qorumaq, onu gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Vətən müsəlmanın hər şeyidir. Çünki din, namus, şərəf və müstəqillik kimi müqəddəs dəyərlər ancaq vətən sayəsində qoruna bilər. Bunun üçün ata-babalarmız vətənimiz üçün hər fədakarlığa etmişlər, qanlarını axıdaraq onu düşmənə təslim etməmişlər.
Bu günə kimi Allah yolunda, Vətən uğrunda canlarını fəda etmiş bacı-qardaşlarmıza Allahdan rəhmət diləyir, döyüşdən sağ çıxmış qazilərmizə, həmçinin qismətimiz varsa özümüzə də şəhidlik arzulayırıq.
Vətən sağ olsun!
UNİKAL.ORG
Samid Quliyev,
Lənkəran rayonu Ləj kənd məscidinin Axundu,
AMEA-nın doktorantı,