Bu gün Azərbaycanın hər yerində 20 Yanvar şəhidləri anılır və xatirəsi ehtiramla yad edilir. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev şəhidlərin xatirəsinə qəzəl ithaf edib.
Unikal.org həmin qəzəli oxucalara təqdim edir:
Bu gecə...
Eylədilər çoxlarını qanına qəltan bu gecə
Gecənin bağrı tamam olmuşdu al-qan bu gecə.
Nə qoca, nə uşağa, xəstəyə fərq qoymadılar
Çox yurd-yuvanı eylədilər yer ilə yeksan bu gecə.
Nə yaman zalım imiş onda "böyük qardaşımız
Moskva cəlladına söylədi "əhsən bu gecə.
Eşitcək Fərizənin eşqi viran oldu o gün
Özünü sevgisinə eylədi qurban bu gecə
Larisa, İlqara sən necə qıydın, ey cahil
Bakıda qopdu tufan, ağladı hər yan bu gecə.
Ağladı qərənfillər, tər çiçəklər qan ağladı
Al rəngə bürünmüşdü bağı-gülüstan bu gecə.
Çox ərlər doğuldular, kəsilənməz haqq səsimiz
Hər biri xalqa sipər, igid, qəhrəman bu gecə.
Sən də sil göz yaşını, ağlama, anam, ağlama
Çün vardır arxa-dayaq Azərbaycan bu gecə.