"Azərbaycanda hazırda 3077 ailənin 5-dən çox uşağı var. Onlara qnunvericiliklə 30 manat müavinət təyin olunub".
Unikal.org xəbər verir ki ki, bunu azvision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Komitə rəsmisi bildirib ki, ötən illərlə müqayisədə çoxuşaqlı ailələrin siyahısında dəyişiklik müşahidə olunur.
Şöbə müdirinin sözlərinə görə, 1999-cu ildə əhalinin siyahıya alınması zamanı 3 və 4 uşaqlı ailələrin sayı daha çox idi. 2009-cu ildə bu rəqəm bir neçə dəfə aşağı düşüb: "1999-cu ildə əhalinin siyahıya alınması zamanı 3 uşaqlı ailələr ümumi ailələrin 25,5%-ni təşkil edirdisə, 2009-cu ildə bu rəqəm 19,9% təşkil edib. 1999-cu ildə 4 uşaqlı ailələr ümumi ailələrin 16,7%, 2009-cu ildə isə 9,7%-ni təşkil edib. Bu tendensiya davam edərsə, Azərbaycanda çoxuşaqlı ailələrin sayı kəskin azalacaq".
T.İbrahimovanın sözlərinə görə, ümumi ailələrin sırasında bir uşaqlı ailələrin sayı 30,1% təşkil edir ki, bu da 396 min ailə deməkdir. Bu rəqəm 1999-cu ildə əhalinin siyahıya alınması zamanı 22,5% (288 min 200 ailə) təşkil edib.