Onlarla Əmbil gölünə yürüş zamanı tanış olduq. Azərbaycan dilində çox az başa düşsələr də, yol boyu hər kəsə gülümsəyir, ünsiyyət qurmağa çalışırdılar.
Yürüşdən qayıdan zaman yolda avtomobilimiz xarab olduğu üçün yarım saat gözləməli olduq. Boş zamandan səmərəli istifadə edərək, əcnəbi yol yoldaşlarımı oxucularla tanış etmək qərarına gəldim.
Müsahiblərimdən biri İmindu Math hindistanlıdır. 2 ildir ki, Bakıda yaşayır. Digəri Ruz Muridir. O, Karib adasının sakinidir. 3 ildir ki, ölkəmizdədir. Hər iki həmsöhbətim SOCAR-ın təşəbbüsü ilə tikilən məktəbdə ingilis dili müəllimi işləyir.
Unikal.org xəbər verir ki, musavat.com-un suallarına cavab verməyə razı olan İmindu və Ruz ilə söhbətə Azərbaycana gəliş hekayələriylə başladıq:
İmindu: Əvvəllər Azərbaycan haqda heç bir məlumatım yox idi. İnternetdə araşdırma apardığım zaman öyrəndim ki, ölkənizdə yerləşən məktəbdə vakansiya var, müraciət etdim və müsahibədən keçəndən sonra işə dəvət olundum. İşə qəbul olunandan sonra Azərbaycan haqqında məlumat əldə etməyə başladım. O zaman öyrəndim ki, postsovet ölkələrindən biridir, yeni müstəqillik əldə edib. Fotolardan da ölkənizin nə qədər gözəl olduğu mənə bəlli oldu
Ruz: Biz də dünyanın neft olan ölkəsiyik. 3 ildir ki, Bakıdayam. Mən ibtidai siniflərə dərs deyirəm. Azərbaycanda dostlarım yaşayır, onlar mənə buraya gəlib işləməyi məsləhət gördülər. Beləliklə, Azərbaycana köçdüm.
- Azərbaycanda sizi ilk nə təəccübləndirdi?
İmindu: İlk gəldiyim zamanlar insanlar mənə fərqli yanaşırdılar, təəccüblə baxır, bəzən gözlərini zilləyirdilər. Bu, məni çox təəccübləndirdi, qaradərili olduğumu mənə hər dəfə hiss etdirəcəklərini düşünmürdüm. Başqa müsəlman ölkələrində də yaşamışam. Onların qanunları sərtdir. Azərbaycan müsəlman ölkəsi olsa da, qadınlara sərt qadağalar qoyulmur, onlar azaddırlar. Hindistanlılar Azərbaycan haqda məlumatlı olmasalar da, burada bizim ölkəmizi, mədəniyyətimizi bilirlər, filmlərimizi sevirlər.
Ruz: Məni Bakının gözəlliyi təəccübləndirdi, burada insan özünü Avropadakı kimi hiss edir. Ailə mədəniyyəti mənim çox xoşuma gəldi. Avtobusa qadınlar minəndə kişilər onlara yer verir, kiçiklər böyüklərə hörmət edir. Ölkəniz çox təhlükəsizdir, günün istənilən saatında küçəyə çıxa bilirsən. Təmiz və təhlükəsiz ölkədə yaşamaq mənim xoşuma gəlir.
- Azərbaycan ilə ölkələriniz arasında hansı oxşarlıqlar var?
İmindu: Hindistanda da övlad valideynin dediyini etməlidir, onlar sərbəst deyillər. Xaricə təhsil almağa, gəzməyə getmək istəyən şəxs mütləq valideynindən icazə almalıdır. İkinci oxşarlıq yeməklərimizdədir. Hər iki xalq aşı, düyüdən bişən yeməkləri sevir. Bizim Holi (rənglər) bayramımız sizin Novruz bayramınıza bənzəyir.
Ruz: Ölkələrimiz arasında oxşar cəhətlər yoxdur. Mən tropik ölkədən gəlirəm. Orada qış fəsli yoxdur, həmişə isti olur. Bizim ölkədə metro yoxdur. İnsanlarımız isə xarici görünüş cəhətdən oxşayır. Avtobusla gedərkən insanlara baxıram, onların üzündə nənəmin cizgilərini görürəm.
İmindu: Azərbaycanlılar xarakter cəhətdən hindlilərdən seçilir. Metroda gedərkən insanları müşahidə edirəm. Bir ailənin iki üzvü yol ilə gedir, danışmırlar, yol boyu susurlar. Sizin insanlar ünsiyyətcil deyillər. Hindistanda isə nəqliyyatda, yolda tanımadığın insanlarla söhbət edə bilərsən. Sizin insanlar çox sakitdir.
- Yeməklərimizdən hansıları sevirsiniz?
İmindu: Kababı, plovu, sac yeməklərini sevirəm. Hindlilərdən fərqli olaraq sizdə plovu aş qarası ilə edirlər, mən aş qarasını xoşlayıram. Bu, sizə xasdır.
Ruz: Mərci şorbasını, Şuba salatını, ləvəngini, lavaşı sevirəm. Azərbaycan yeməklərini çox bəyənirəm. Bir dəfə təyyarədə azərbaycanlı ilə birgə uçurdum. Bizə yemək gətirdilər, o isə imtina etdi. Bildirdi ki, yalnız milli yeməklərinizi yeyir. Bu, məni təəccübləndirmişdi.
- Burada tək yaşayırsınız, subaysınız. Azərbaycanlı bəylə ailə qurarsınız?
İmindu: Heç vaxt azərbaycanlı bəylə ailə qurmaram. Sizin kişilər bizimkilərə bənzəyir, onlar mentalitetə bağlıdır. Müşahidələrim göstərir ki, sizin qadınlar kişilərdən çox işləyir, onlar qoçaqdırlar. Kişilər isə qadınları işlədir və bir az tənbəldirlər.
Ruz: Mən ailə qurmaq üçün yaşlıyam. Ona görə də bu suala cavab verməyəcəyəm.
- Azərbaycanın hansı bölgələrində olmusunuz?
İmindu: Azərbaycanın təbiəti əladır. Bakıda böyük yollar, körpülər, çoxmərtəbəli binalar var. Rayonlar isə yaşıllıqla örtülüdür, bölgələri gəzmək istəyirəm. İndiyə kimi yalnız Şəkidə olmuşdum. Ora qədimi və möhtəşəmdir.
Ruz: Azərbaycanın bölgələrində olmamışam. İlk dəfə Əmbil gölünə keçirilən yürüşə gəlmişəm. Təbiət qoynunda olmağı sevirəm.