Serj Sarkisyan Rusiyanın Dağlıq Qarabağla bağlı təklifləri əsasında yeddi rayonu qaytarmaq üçün ictimai rəyi bu istiqamətdə kökləyir. Ermine Naqdalyan da həmin bəyanatı təsadüfən səsləndirməyib.
Unikal.org publika.az-a istinadən bildirir ki, bu barədə "İrs" partiyasından olan deputat Zarui Postandjyan deyib.
Onun sözlərinə görə, Naqdalyan adi siyasətçi deyil: "O, AŞPA-da nümayəndə heyətinin sədridir, parlament sədrinin müavinidir. Onun Qarabağla bağlı bəyanatı da təsadüfi deyildi. Bu bəyanat Sarkisyanın sifarişi əsasında edilib. Sarkisyan özü də dəfələrlə bildirib ki, "biz həmin ərazilərdə bilərəkdən məskən salmırıq". O, "Madrid prinsipi"ni və Kazan sənədini də qəbul edib. İndi Naqdalyanın dili ilə ictimai rəyi yoxlamaq gedişi etdi".
Z.Postandjyan qeyd edib ki, Serj Sarkisyan artıq təslim olub və Rusiyanın təklifinə əsasən ətraf rayonları qaytarmağa hazırdır: "Sadəcə olaraq, ictimai rəyi buna kökləmək siyasəti aparılır. Bu proses yaxın gələcəkdə başa çatdırılacaq, daha sonra ərazilər boşaldılacaq".
Qeyd edək ki, E.Naqdalyan "Beynəlxalq hüquq bizə Qarabağ ətrafı ərazilərə nəzarət etmək haqqı vermir" deyə açıqlama vermişdi. Bundan sonra onun istefası verməsi ilə bağlı çağırışlar gündəmə gəldi.
Xatırladaq ki, Rusiyanın Qarabağla bağlı planının olduğu haqda məlumatlar var idi. "Dördgünlük müharibə"dən sonra "Lavrov planı" olaraq gündəmə gələn təkliflərə əsasən, ilkin mərhələdə erməni hərbi birləşmələr Dağlıq Qarabağ ətrafında 7 rayondan 5-ni boşaldır, sonrakı mərhələdə iki rayonun qaytarılması prosesi gedir.