"Burada olduğum müddətdə hər kəsdə döyüş əzmi, muharibə qətiyyəti gördüm. Prinsip etibarilə çox yaxşı və normal vəziyyətdir. Belə də olmalıdır. Ermənistanın və Dağlıq Qarabağdakı ermənilərin rəhbərliyi dəqiq, səlis fəaliyyət göstərirlər. Onlar bugünkü situasiyanın diqtə etdikləri işləri sakit, aramla, təmkinli şəkildə görürlər".
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Xankəndidə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdən sonra belə deyib.
Ermənistan mediası bu görüşlə bağlı çox kasad məlumat yayıblar. Sadəcə, o deyilib ki, "Bako Saakyan və Levon Ter-Petrosyan Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlardan sonrakı durumla bağlı bir sıra məsələləri müzakirə ediblər".
Xatırladaq ki, L.Ter-Petrosyan 2007-ci ildən bəri ilk dəfədir ki, Dağlıq Qarabağa gəlib.
Dağlıq Qarabağda aprelin 1-də "dördgünlük müharibə" başlayandan sonra Ermənistan prezidenti Serj Sarkisyan sələfi ilə görüşmək istədiyini demişdi.
Ter-Petrosyanın devrilməsində bilavasitə əməyi olan Sarkisyanın belə açıqlaması Ermənistanda heyrət yaratsa da, o, niyyətinə çatmışdı və İrəvanda bu görüş baş tutmuşdu.
Ter-Petrosyanın evinə yollanan S.Sarkisyan 3 saat davam edən müzakirələr barədə heç bir açıqlama verməmişdi.
Ermənistanın sabiq prezidenti, ölkə müxalifətinin faktiki "lokomotiv"i sayılan Erməni Milli Konqresinin sədri L.Ter-Petrosyan da müzakirələrlə bağlı heç bir şərhlə çıxış etmədi. Lakin ermənilərin sabiq və indiki prezidentinin "dördgünlük müharibə"dən sonra Ermənistanın düçar olduğu vəziyyəti təhlil etdikləri şübhə doğurmurdu.
İndisə Ermənistanda "Qoca tülkü" və "Təkgöz hiyləgər" kimi tanınan Levon Ter-Petrosyanın 9 illik fasilədən sonra "qəflətən" Dağlıq Qarabağa yollanması müzakirə mövzusuna dönüb.
Beləliklə, İrəvanda evində Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəndən sonra Levon Ter-Petrosyanın mövqelərində mütləq dəyişikliklər olacağı barədə proqnozumuz özünü tam doğrultdu. "Qoca tülkü" Ermənistandakı isteriyadan yararlanmaq, Dağlıq Qarabağ mövzusundakı radikallaşmadan istifadə edərək sırf öz maraqlarını təmin etmək niyyətindədir.
Bu dəfə Levon Ter-Petroyanın hədəfi prezident kreslosu deyil: ahıl siyasətçi adekvat məntiqə malikdir və yaxşı bilir ki, indiki şəraitin inkişaf istiqamətləri heç bir halda onun başçılıq etdiyi Erməni Milli Konqresinə prezident seçkilərində hansısa uğur vəd etmir.
Ter-Petrosyan təşkilatına parlament seçkilərdə "normal iştirak"ı təmin edərək parlamentdə fraksiya yaratmaq, ən azı 18 deputat mandatını təmin etmək niyyətindədir.
Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə"yədək danışıqlar prosesində güzəştlərin və kompromislərin tərəfdarı olduğunu deyən, erməni işğalındakı 5 rayonun azad edilməsinin qaçılmazlığını vurğulayan Ter-Petrosyan indi mövqelərini tamamən dəyişərək "torpaqların bir qarışı da verilə bilməz" deyir.
Halbuki, məhz Ter-Petrosyan 5 rayonunun azad edilməsi və Dağlıq Qarabağın statusunun referendum vasitəsilə müəyyənləşdirilməsi variantının İrəvanda "xaç atası" sayılırdı. 1998-ci ildə də Ter-Petrosyanı istefaya vadar edəndə o, "müharibəyə can atanlar sülh istəyənlərə qalib gəldi" demişdi.
Levon Ter-Petrosyanın mövqelərinin kökündən dəyişməsi barədə danışmaq, konseptual təhlilə varmaq hələlik tezdir. Fəqət, artıq zahiri dəyişikliklərdən, "qoca tülkü"nün hədəflərindəki perturbasiyalardan danışmaq olar.
Hər halda əgər o, indiyədək "islaholunmaz cinayətkar", "istefası labüd quldur", "yaramaz siyasətçi" adlandırdığı Ermənistan prezidenti Serj Sarkisyan barədə bu gün "Ermənistanın üzləşdiyi çağırışlar və problemləri görürük: ona görə də daxili siyasətdəki mübahisələri, qarşıdurmaları bir kənara qoyaraq Serj Sarkisyanı dəstəkləmək gərəkdir" söyləyirsə, deməli, Ter-Petrosyan konyukturdan yararlanmaq, hakimiyyətlə kuluar danışıqlarından bəhrələnərək parlament seçkilərindəki "səbatlı irəliləyiş"i reallaşdırmaq fikrindədir.
Halbuki, Ermənistanın daxili siyasət arenasında mübarizə illər əvvəl səngiyib, Serj Sarkisyanın rəqiblərin zəiflədilməsinə yönəlmiş taktikası sayəsində müxalifət mağmınlaşıb. Ermənistanda indi Rusiyanın "şəfqətindən yararlanma" uğrunda mübarizə gedir.
Qərb meylli siyasətçi olduğunu fasiləsiz vurğulayan Levon Ter-Petrsoyan 2013-2014-cü illərdə də bu mübarizəyə qatılmış, amma uduzaraq geri çəkilmişdi.
Ter-Petrosyan Rusiyaya xidmət edən erməni siyasətçilərini bir zamanlar "marginallar" adlandırmışdı. Amma sonra Rusiyanın hakimiyyət dairələri ən müxtəlif analitiklər və politoloqların dili ilə Ter-Petrosyanı "təlxək" adlandırdı.
İndisə İrəvanda Serj Sarkisyanın göstərişi ilə Rusiya əleyhinə mitinqlər və aksiyalar keçirildiyi şəraitdə erməni müxalifəti Ermənistanla Moskva arasındakı siyasi alverdə ən yaxşı halda xırda pul funksiyasını yerinə yetirir.
Lakin Ter-Petrosyan anlayır ki, Ermənistan ya beynəlxalq təhlükəsizlik sisteminin və çağdaş geosiyasətin bir hissəsi olmalıdır, ya da Dağlıq Qarabağ münaqişəsi daha da gərginləşəcək, Ermənistanı kollapsa sürükləyəcək.
Özü də bu məsələ tək Dağlıq Qarabağdakı cəbhə xətti ilə bağlı problem yox, Ermənistanın dünya birliyi ilə təmaslarının konfiqurasiyasıdır.
Levon Ter-Petrosyanın indi nə hakimiyyət, nə də müxalifət lideri təki heç bir perspektivi olmadığından o, çıxış yolu arayır.
Serj Sarkisyan Dağlıq Qarabağla bağlı yeni danışıqlar ərəfəsində "hakimiyyət+müxalifət" tipli vahid mövqenin formalaşdığını nümayiş etdirmək istəyir, Ter-Petrosyan da əzəli rəqibinə, hətta düşməninə mane olmur, onun istəyini yerinə yetirir.
Amma bu müttəfiqlik istənilən an dağılaraq əzəli rəqiblərin düşmənçiliyini yeni səviyyəyə qaldıra bilər.