Ermənistanın nüfuzlu və məlumatlı ekspertlərindən biri, Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın iddialarına görə, Azərbaycan ordusunun böyük qüvvəsinin təmas xəttinin üç istiqamətində cəmləşməsini nəzərə alaraq Azərbaycan tərəfindən status-kvonun pozulmasına dair yeni cəhdini gözləmək lazımdır.
Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə "Azatutyun" məlumat yayıb.
"Ümumilikdə Azərbaycanın yeni hərbi əməliyyatlara başlamasının qarşısını almağa heç nə və heç kəs yoxdur. Azərbaycanın hücumu indi "əgər"dən çox, "nə zaman" sualıdır, belə ki, Azərbaycan sonuncu hücumu qələbə kimi qiymətləndirir; 21 il ərzində Azərbaycan ilk dəfə müvəqqəti də olaraq ərazi zəbt edərək əlində saxlaya bilib. Biz təmas xəttinin şimal və cənub hissəsində hücum gözləməliyik - təəssüf ki, əsasən mülki əhaliyə ziyan vurmaq və məhv etməyi hədəflənən, amma aprelin 2-dən daha az intensiv və daha az koordinasiya edilmiş bir hücum gözləməliyik", - "Azatutyun" radiosu ilə söhbət zamanı Riçard Kirakosyan bildirib.
Digər politoloq Stepan Qriqoryanın iddiasına görə isə, Azərbaycanı beynəlxalq ictimaiyyətin birmənalı olmayan reaksiyası, eləcə də Ermənistanın öz qərarlarında sərbəst olmaması da ruhlandırır.
Bundan başqa, erməni ekspertləri hazırda Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsini görmürlər.
Riçard Kirakosyanın fikrincə, daha öncə beynəlxalq ictimaiyyət tərəfindən aparılan taktika daha işləmir. "Ermənistan üçün real təhlükə Azərbaycanın hücumu deyil, ABŞ və Fransanın Minsk qrupunun fəaliyyətinə yetərincə cəlb olunmaması və Ermənistana qarşı Rusiyanın xəyanətidir".
Stepan Qriqoryan qeyd edir ki, bu gün Ermənistan həm hərbi planda, həm də beynəlxalq meydanda fəal mövqe tutmalıdır.
Nümunə olaraq, indi erməni tərəfi BMT-də bəraət qazanmalıdır. Belə ki, Azərbaycan BMT-nin Baş Assambleyasına Ermənistanı atəşkəs rejiminin pozulmasında ittiham edərək birinci müraciət edib.
"Əgər sən təşəbbüslə çıxış etmirsənsə, daima cavab verirsənsə, o zaman dünyaya həqiqəti açıqlaya bilmirsən. Biz daima məfhumların ardınca gedirik. Məhz bu səbəbdən də dördgünlük müharibəyə rəsmi səviyyədə rəylər bizim üçün səmərəli deyildi. Mən indi DİN bəyanatını oxuyuram - hər şey doğrudur. Amma üzr istəyirəm, üç həftədən çox vaxt keçib, yalnız indi bu doğru addımlar atılır. Dövlət institutları adekvat olmalıdırlar. Adekvatlıq bu gün yalnız ağıllı fikirlərlə əlaqədar deyil, bu, həm də onların vaxtında deyilməsi ilə əlaqədardır".