Sabah Ermənistan parlamentində Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
 
Separatçı rejimin tanınması barədə qanun layihəsini "İrs" partiyasından olan deputat Zarui Postandcyan və eks-baş nazir, hazırda müxalif "Erməni Milli Konqresi"ndən seçilən deputat Qrant Baqratyan tərəfindən irəli sürülüb.

2013-2014-cü illərdə  Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması ilə bağlı məsələ parlamentdə müzakirə olunub. Amma qanunverici orqan qondarma rejimin "müstəqilliyini" tanımayıb.

2013-cü ildə keçirilən müzakirələrdə  qanun layihəsinin lehinə 10, 2014-cü ildə isə 8 səs verilib.  Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması cəbhə xəttində baş verən hadisələrdən sonra yenidən gündəmə gəldi. 


Münaqişə zonasında baş verən son proseslərdən sonra Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasının nə qədər real olmasını şərh edən keçmiş dövlət müşaviri, politoloq  Qabil Hüseynlinin sözlərinə görə, belə bir qərar Ermənistanın özü üçün dərin problemlər yaradar.

Politoloq qeyd etdi ki, layihə səsvermədən keçərsə, böyük müharibəyə səbəb ola bilər.  Ona görə də bu layihə parlamentdə yalnız qondarma rejimlə əlaqələrin möhkəmləndirilməsi kimi müzakirə oluna bilər.

"Əsas məqsəd gələcəkdə qondarma rejimlə daha geniş əlaqələr üçün baza yaratmaqdır. Amma bu da  layihənin parlamentdən keçməsinə şərait yarada bilməz. Çünki hazırda regiondakı vəziyyət  Ermənistan üçün arzuolunmazdır. Həmçinin yalnız Ermənistanın tanımasının heç bir əhəmiyyəti yoxdur", - deyə politoloq bildirdi. 

Qabil Hüseynli bildirdi ki,  Ermənistanın Qarabağın "müstəqiliyini" bu vaxta qədər tanımamaqda əsas səbəb Azərbaycanın ərazi bütövlüyünün  dünya birliyi tərəfindən birmənalı olaraq qəbul edilməsidir. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağın "müstəqiliyini" tanımaq Azərbaycan ərazilərini ihlaq etmək deməkdir.

 
Azərbaycanın son xəbərdarlığı Ermənistanı geri oturtdu
"Belə bir vəziyyət Ermənistanın Azərbaycana müharibə elan etməsi kimi qəbul edilə bilər. Bununla da bütün dünyada Ermənistan təcavüzü siyası formada tanına bilər", - deyə  siyasi şərhçi bildirdi.

Politoloq qeyd etdi ki, layihə yalnız Azərbaycana qarşı təzyiq vasitəsi kimi irəli sürülüb.

"Müstəqilliklə" bağlı məsələyə Azərbaycan tərəfi də münasibət bildirib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi İrəvanın Minsk qrupu prosesinə son qoyması mənasını daşıyır. 

Azərbaycan tərəfinin açıqlamasından sonra Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, əgər Azərbaycan tanınmamış Dağlıq Qarabağ respublikasına qarşı yeni hərbi əməliyyatlara başlayarsa, Ermənistan "DQR"in müstəqilliyini tanıyacaq. Köçəryan layihənin hökumətin gündəliyinə salınmadığını deyib. 

Hikmət Hacıyev - Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəriŞavarş Köçəryan - Ermənistan xarici işlər nazirinin müavini


Belə görünür ki, Ermənistan cəmiyyətində və siyasətçiləri arasında Qarabağın taleyi ilə bağlı ziddiyyətlər var. Çünki hökumət hələ Dağlıq Qarabağın "müstəqilliyinin" tanınmasına razı deyil.

Həmçinin bu ATƏT-in Minsk qrupunun həmsədrlərinin mənafeyinə uyğun gəlmir. Çünki Ermənistan Dağlıq Qarabağın "müstəqilliyini" tanısa, qrupa daxil olan böyük dövlətlərin münaqişənin həllinə təsiri ortadan qalxacaq.(Anspress)