Əbülfəz Qarayev iki aydır haradadır?
Əbülfəz Qarayev iki aydır haradadır?
Nazirin yeni turizm mövsümündə bu sahənin "inkişaf"ı barədə əvvəlki açıqlamalarını təkrarlamamasının sirri "Unikal"da!

Hazırda turizm sektorunun ən qızğın mövsümüdür, amma mədəniyyət və turizm naziri Əbülfəz Qarayevi yen turizm mövsümünün açılış mərasimindən sonra ortalarda görmürük. Nazir istər həmin mərasimdə, istərsə də ondan əvvəl Azərbaycan turizminin "analoqsuz inkişaf"ı barədə dediklərini az qala iki aydır bir dəfə də təkrarlamayıb.
Əcəba niyə? Bu barədə bir azdan bəhs edəcəyik, hələliksə bəzi önəmli məqamlara toxunaq.
Paytaxda hökm sürən qızmar hava nəticəsində əhalinin bir qismi şəhərdən kənarda istirahətə üstünlük verir. Azərbaycanın bölgələrinə nisbətən xarici ölkədə istirahətə gedənlər daha çoxdur. Səbəb xarici turizm obyektlərində həm xidmətlərin yüksəkliyi, həm də qiymətlərin yerli obyektlərə nisbətən ucuz olmasıdır.
Nəzərə alsaq ki, turizm mövsümünün ortasıdır deyə bilərik ki, istirahət etmək istəyənlər artıq öz seçimini edib. Bəs görəsən vətəndaşlarımız dincəlmək üçün daha çox hansı məkanlara üz tutur?
Turizm üzrə ekspert Ruslan Quliyevin sözlərinə görə, yerli turistlər son vaxtlar ekzotik ölkələrə, region dövlətlərindən isə Türkiyəyə və MDB dövlətlərində olan kurortlardan daha çox müalicə zonalarına üz tuturlar.
Mütəxəssislərin sözlərinə görə, sakinlərimiz daha çox Türkiyədə dincəlməyə üstünlük verirlər. Turizm üzrə satış meneceri olan Maya xanım deyir ki, Türkiyəyə üz tutanların öz səbəbi var. Müştərilər Türkiyədəki otellərin göstərdiyi yüksək xidmətdən və qiymətlərin nisbətən onları qane etdiyindən razıdırlar: "Qiymətlərə gəldikdə isə tam rəngarəng bir mənzərə hökm sürür. Xarici, eləcə də yerli turizm obyektlərində qiymətlər vaxta görə və göstərilən xidmətlərə görə dəyişir. Ümumilikdə götürdükdə isə azərbaycanlı turistlərin üz tutduğu məkanlar sırasında ən ucuz yer Türkiyə, ən bahalı yer isə Skandinaviya ölkələrindəki turizm obyektləri sayılır. Yerli turizm obyektlərindən isə əhalinin kütləvi axın göstərdiyi əsas yerlər Quba-Xaçmaz bölgəsi və Masallı-Lənkəran zonasıdır. Bölgələrdə istirahət etmək istəyənlər üçün isə ən ucuz məkan Masallı, ən bahalı yerlər isə Bakı və Abşeron sayılır".
Bununla belə, istənilən halda Azərbaycanda istirahət sərfəli qəbul olunmur, həm keyfiyyət, həm qiymət baxımından yerli turizmimiz qonşu ölkələrə uduzur. Ekspert Fariz Əhmədov deyir ki, hazırda Gürcüstan və Türkiyədə istirahət onsuz da əhalisinin əksəriyyətini kasıbların təşkil etdiyi Azərbaycan əhalisi üçün əsas dincəlmək ünvanlarıdır: "Ümumiyyətlə, əksər müşahidələr sübut edir ki, xarici ölkəyə bilet sifariş edənlərin 80%-i iş dalınca gedənlərdir, yalnız 20% dincəlmək üçün yararlanır. İstirahət üçün müraciət edənlər dincəlmək üçün əsasən, Türkiyəni və Avropa ölkələrini seçirlər. Avropanı seçənlər daha çox İtaliya, Fransa, Almaniya, Çexiyaya səfər edirlər. Belələri bir qayda olaraq iş adamları, vəzifəli şəxslərdir. Gürcüstana gedənlərin sayı da fantastik artıb və bu, əsasən ortabab maddi duruma malik olan insanlardır".
Bir müddət əvvəl isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirmişdi ki, Azərbaycanda turizm sektorunun inkişaf prosesi qonşu ölkələrlə müqayisədə zəifdir. Turistlərin sayına görə, Azərbaycan dünyada ən sonuncu yerlərdən birini tutur.
Ekspertin sözlərinə görə, geniş imkanlar olsa da, ölkəyə nəinki turistlərin marağı artmır, əksinə yerli vətəndaşlar da daxildəki müalicəvi turizm mərkəzlərinin xidmətlərindən yararlanmırlar: "Müalicəvi istirahət üçün Rusiya, istirahət və əyləncə üçün isə Türkiyənin turizm bazarını seçirlər. Son 3-4 ildə regionda turizmi inkişaf edən ölkələrin siyahısına Gürcüstan da əlavə olunub. Hətta 2013-cü ildə Gürcüstana gələn turistlərin sayının ölkə əhalisinin sayını (4 milyon) keçməsi planlaşdırırlıb".
Qeyd edək ki, statistik rəqəmlər də hazırda Qafqazın turizm liderinin Gürcüstan olduğunu göstərir. Belə ki, istirahət üçün Gürcüstana Azərbaycan, Türkiyə və Ermənistandan ayrı-ayrılıqda yarım milyonadək, Rusiyadan 160 minə yaxın turist üz tutur. Bu ölkələrin payına ümumilikdə 78 faiz turist düşür.
Gələk yazının əvvəlindəki məqamın üzərinə… Son vaxtlar, daha da dəqiqləşdirsək, yeni turizm mövsümü başlayandan bəri mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Azərbaycanda turizmin inkişafı barədə ənənəvi, ümumiləşmiş, mücərrəd açıqlamalarını eşitmirik. Görünür, artıq nazir də bu cür populist bəyanatların mediada və cəmiyyətdə ciddi qarşılanmadığının, onun özünə qarşı tənqidlərin alovlanmasına gətirib çıxardığının fərqindədir. Ona görə də susmağa, danışıb özünü pis vəziyyətdə qoymamağa çalışır.
Sənan Mirzə