Müxalifətdən yeni ideya: vahid komanda...
Müxalifətdən yeni ideya: vahid komanda...

Rasim Ağayev: "Azərbaycan müxalifəti yarandığı gündən qırğındadır"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri vahid namizəddən öncə vahid komanda və proqramın zəruri olduğunu hesab edir. ADP sədri Sərdar Cəlaloğlu deyib ki, "Vahid namizəd məsələsi bir neçə dəfə təcrübədən keçirilib. Ancaq biz belə fikirləşirik ki, ən müxtəlif siyasi qüvvələri bir araya gətirib, onların birliyini təşkil etmək üçün təkcə vahid namizəd kifayət deyil".

Onun fikrincə, vahid namizəd bir nəfərin xüsusi maraqlarını təmin edir, digər partiyaların maraqlarının aydın şəkildə ifadə olunmayan bir birliyin ciddi nailiyyət əldə etməsinə inanmaq mümkün deyil.
Sərdar Cəlaloğlunun sözlərinə görə, "Bu baxımdan biz bu ideyaya modifikasiya etdik və düşünürük ki, təkcə vahid namizəd kifayət deyil, vahid komanda da olmalıdır. Hətta təkcə vahid komanda da kifayət deyil, vahid bir proqram olmalıdır. Çünki komandada proqramın vahidliyi zəruridir".
Hazırki vəziyyətdə müxalifətin vahid komanda altında birləşməsinin nə dərəcədə mümkün olmasına toxunan Cəlaloğlu qeyd edib ki, bu, asan bir işdir.
"Çünki bu, bizim iradəmizdən asılıdır. Ancaq dünyanın bizi nə dərəcədə dəstəkləyib- dəstəkləməyəcəyi bizim iradəmizdən asılı deyil. Mən düşünürəm ki, Azərbaycan müxalifəti birinci növbədə ən asan işdən başlamalıdır. O şeylər ki, Azərbaycan müxalifətindən, onun düzgün qərarlarından və iradəsindən asılıdır, onları biz istənilən vaxt, istənilən şəkildə həll edə bilərik".
Lakin Azadlıq Partiyasının sədri Əhməd Oruc bu təşəbbüsün uğurlu olmayacağını hesab edir:
"20 ildir ki, bunların qurduğu koalisiyaların nəticəsi məlumdur. Hamısı son anda qeyri-ciddi vəziyyətə düşən məsələlərdir".
Politoloq Rasim Ağayevin sözlərinə görə, "Sərdar Cəlaloğlunun yeni ideyasına müsbət yanaşıram. Amma hər bir yeni ideya ideya olaraq qalanda, yəni bu tezis təşkilati və maddi don geyinə bilməyəndə və yaxud onu maddiləşdirmək mümkün olmayanda ideyanın gözəlliyi ancaq onunla bağlı diskussiyalarda üzə çıxır. Bu baxımdan isə Azərbaycan müxalifəti zəngin təcrübəyə malikdir: ortalığa yeni ideya atmaq, onu bir müddət müzakirə etmək və sonradan unutmaq və daha yeni bir ideyanın axtarışına çıxmaq... Bunu da nəzərə alsaq ki, Azərbaycan müxalifəti yarandığı gündən qırğındadır, deməli, bizim üçün nə qədər ağrılı olsa da, istənilən yeni ideya onları birləşdirə bilməyəcək. Azərbaycan cəmiyyəti son iyirmi il ərzində müxalifətdən məhz bunu gözləyib: birləşsin və konkret addımlar atsın. Amma təəssüf ki, cəmiyyətin bu gözləntiləri elə gözlənti olaraq da qalıb".
Politoloqun müşahidələrinə görə, "XXI əsrdə siyasi situasiyalar ağlasığmaz dərəcədə sürətlə dəyişilir. Zaman çox sürətlənib. Amma Azərbaycan müxalifəti zamanla və cəmiyyətin, o cümlədən regionun dəyişim tempi ilə ayaqlaşa bilmir. Müxalifət liderlərinin çıxışlarına və mühakimələrinə qulaq asanda ötən əsrin 90-cı illərinin ab-havasını hiss edirsən. Yeni ideyalar irəli sürülür, amma bu ideyalarda konstruktivlik, səmimiyyət duyulmur və yaxud cəmiyyətin əhvali-ruhiyyəsi hiss olunmur".
Rasim Ağayevin fikrincə, "Bu müxalifətin zamanı keçib, cəmiyyət yeni simalar, yeni səslər istəyir. Düzdür, müxalifətin sıralarında və liderlər kontingentində yeniləşmə müşahidə edilir. Məsələn, Əli Kərimli bütün siyasi standartlara cavab verən bir liderdir, yaxşı natiqlik qabiliyyətinə malikdir. Amma fikrimcə, müxalifətin digər liderləri kimi onda da ciddi bir qüsur var və bəlkə də, bu qüsur onun deyil, geopolitik reallıqdan irəli gəlir. Onun siyasi lider kimi ən böyük çatışmazlığı bundan ibarətdir ki, cəmiyyətdə siyasi mühit formalaşdırmaq gücündə deyil, o da mühitin arxasınca sürünür. Siyasətçinin tutumu isə birinci növbədə siyasi şəraiti formalaşdırmaq bacarığı və məharəti ilə müəyyən olunur. Yəni Azərbaycan müxalifəti hadisələrin arxasınca sürünür, təşəbbüsü əldən verib. İqtidar müxalifət üçün problemlər yaradır, müxalifət isə bunlara reaksiya verməklə məşğul olur. Yəni oyun bir qapıya oynanılır".
Rasim Ağayevin sözlərinə görə, "Müxalifətdən fərqli olaraq, biz qəbul etsək də, etməsək də, Azərbaycan iqtidarı son 19 ildə həmişə vahid liderlə çıxış edib. Bilirsiniz, siyasət çox sərt reallıq və sərt məşğuliyyətdir. Iqtidarı nədəsə ittiham etmək mümkündür, amma unutmaq olmaz ki, ortada siyasi oyun gedir və siyasətdə bütün üsullar məqbul hesab edilir. Siyasi rəqabətin oyun qaydaları belədir. Ya bu qaydaları qəbul edib oynamalısan, ya da siyasi səhnədən getməlisən. Müxalifət gileylənir ki, iqtidar belədir və ya bu cürdür. Amma bunlar ciddi söhbətlər deyil. Stalin oturub gileylənməli idi ki, bütün Avropanın iqtisadiyyatı Hitlerin ordusuna xidmət etdiyindən faşistlər Moskvaya qədər gəlib çıxıblar? Və yaxud Hitler şikayətlənməli idi ki, Birləşmiş Ştatlarla Böyük Britaniya ruslarla müttəfiqlik etdiyi üçün müharibəni uduzur? Göründüyü kimi, siyasətin öz qanunları var və bunlara riayət ertməlisən. Hazırda Azərbaycan müxalifətinin qarşısında mütəşəkkil və vahid lideri olan iqtidar komandası mövcuddur. Müxalifət ya bu güclü rəqiblə müvafiq üsullarla siyasi mübarizə aparmağı bacarmalıdır, ya da məğlubiyyətlə barışmalıdır".
Savalan