Azərbaycanda iqtisadi artım tempi 1,6%-ə çatıb
11:32 15-08-2012
CƏMİYYƏT
Azərbaycanda iqtisadi artım tempi 1,6%-ə çatıb
Qubad İbadoğlu: "Ötən ay ölkədə istehlak qiymətləri 0,29 faiz azalıb"
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda ÜDM-in artım tempi 1,6%, yaxud müqayisəli qiymətlərlə 476,5 mln. manat artaraq 30,8 mlrd. manata çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 67,4%-i məhsul istehsalı sahələrində, o cümlədən 52,3%-i sənayedə, 9,6%-i inşaat kompleksində, 5,5%-i kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,5%, o cümlədən nəqliyyatda 4,9%, ticarət və pullu xidmətdə 8,4%, rabitədə 1,7%, sosial və digər xidmətlərdə 11,5% təşkil edib. ÜDM-in 6,1%-i məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3 364,7 manat (4 280,9 ABŞ dolları) təşkil edərək 0,2% artıb.
Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10,5% artıb, neft sektorunda isə 6% azalıb.
Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq. Adambaşına düşən ÜDM-in həcmi isə 6 min dollardan çox olacaq.
Azərbaycanda dörd ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunmaqdadır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri iyun ayının səviyyəsində (0,1% və 0,2%) qalıb.
"Eyni zamanda, qiymət və tariflər yanvar-iyul ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri isə 1,6% bahalaşıb", - deyə Komitədən bildirilib.
Qeyd edək ki, cari ilin ilk altı ayı ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi 2,2% təşkil edib. Göründüyü kimi, ay ərzində inflyasiya 0,2 faiz bəndi aşağı düşüb.
Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 6%, 2013-cü ildə 5%, 2014-cü ildə 5,3%, 2015-ci ildə isə 4,8% təşkil edəcək.
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 20,3 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib və iyul ayında sənayedəki geriləmə bir qədər ixtisar edilərək ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məhsulun 76,8%-i mədənçıxarma bölməsində, 17,9%-i emal bölməsində, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub: "Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 4,8% azalıb, emal bölməsində 10,3%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində 3,1% artıb".
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,3% artıb, neft sektorunda isə 4,7% azalıb.
Emal sektorunda qida məhsulları istehsalı 4,1%, içki istehsalı 8,7%, toxuculuq sənayesi məhsulları istehsalı 2 dəfə, geyim istehsalı 31%, poliqrafiya fəaliyyəti 2 dəfə, rezin və plastik məmulatlar istehsalı 3,1 dəfə, tikinti materialları istehsalı 25%, metallurgiya sənayesi məhsulları istehsalı 12,4%, hazır metal məmulatları istehsalı 1,8 dəfə, elektrik avadanlıqları istehsalı 2,5 dəfə, maşın və avadanlıqların istehsalı 1,6%, sair nəqliyyat vasitələri istehsalı 14,2%, mebel istehsalı 3,2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,3% artıb.
İlin yeddi ayında 12,2 mlrd. kV/saat, yaxud 9,4% çox elektrik enerjisi istehsal olunub.
İqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, "Aparılmış statistik müşahidələrin nəticələrinə görə, iyun ayında Azərbaycanda deflyasiya qeydə alınıb. Belə ki, ötən ay ölkədə istehlak qiymətləri 0,29 faiz azalıb. Bu azalma əvvəlki ayda olduğu kimi, ərzaq məhsullarının ucuzlaşması hesabına baş verib: ay ərzində ərzaq məhsulları 0,61 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları 0,03 faiz, xidmət tarifləri isə 0,17 faiz artıb. May ayına nisbətdə iyun ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,9 faiz , regionlarda isə 0,39 faiz ucuzlaşıb".
İqtisadçı bildirir ki, "Bu zaman ərzaq məhsulları Bakıda 0,43 faiz, regionlarda 0,79 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsulları isə əksinə, Bakıda 0,04 faiz, regionlarda isə 0,02 faiz bahalaşıb. Xidmətlərin dəyəri Bakıda 0,17 faiz, regionlarda isə 0,16 faiz artıb. Ay ərzində ən çox gilas(23,20 faiz), armud (19,60 faiz) və digər məhsullar ucuzlaşıb. Bahalaşma isə çimərlik üçün rezin ayaqqabılar (16,56 faiz), göy lobya (12,56 faiz), baş soğan(12,07 faiz) və digər məhsullarda qeydə alınıb. Hesablamalar göstərib ki, 2012-ci ilin ilk yarısında ölkədə 0,11 faiz, o cümlədən Bakıda 1,30 faiz inflyasiya, regionlarda isə 1,06 faiz deflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 0,05 faiz, xidmətlər 1,66 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,96 faiz ucuzlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 6,58 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 9,37 faiz, regionlarda isə 3,84 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında(10,46 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,18 faiz, xidmətlərdə isə 4,85 faiz təşkil edib".
Natiq
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49