AXCP ilə Müsavat üz-üzə gəldi
11:53 16-08-2012
CƏMİYYƏT
AXCP ilə Müsavat üz-üzə gəldi
Qarşılıqlı ittihamlar güclənir
Son zamanlar İctimai Palata daxilində müəyyən gərginliklər yaşanmaqdadır. Belə ki, AXCP və Müsavat arasında prezident seçkilərində vahid namizədlə çıxış etmək məsələsində fikir ayrılığı var və bu günbə-gün artır.
İlk belə qığılcım isə Sumqayıtda alovlandı. Belə ki, Avqustun 12-də AXCP Sumqayıt şöbəsi piket keçirib və Müsavat Partiyası, İctimai Palata aksiyaya qoşulmayıb və bu narazılıqlara səbəb olub. AXCP Sumqayıt şöbəsinin sədri Kəmaləddin Vilayətoğlu mətbuata müsahibəsində Müsavatı və bu partiyanın Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbası sərt tənqid edib.
AXCP və Müsavat Partiyalarının rəhbərliyi bu təşkilatların Sumqayıt şəhər şöbələrinin sədrləri arasında yaranan qarşıdurmaya münasibət bildiriblər.
AXCP sədrinin müavini Gözəl Bayramlı deyib ki, şəhər təşkilatları arasında qarşıdurmaya əsas yoxdur və belə bir vəziyyətin mövcudluğundan da xəbərsizdir: "AXCP-nin yerli təşkilatının Sumqayıtda aksiya keçirdiyi və həbslərin olduğu haqda informasiyam var. AXCP-nin yerli şöbəsinin Müsavat Partiyasının şəhər təşkilatına aksiyada iştirakla bağlı müraciət etməsi haqda isə məlumatsızam. Fikrimcə, partiyaların şəhər təşkilatları arasında belə qarşıdurmalar olmamalıdır". G. Bayramlı qeyd edib ki, aksiya AXCP şəhər şöbəsinin qərarı ilə keçirilib: "Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının bu aksiyaya dəstək verməməsi isə AXCP-nin yerli şöbəsinə aid məsələdir".
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə bildirib ki, hər iki tərəfin fikirlərində haqlı və haqsız məqamlar var: "AXCP Sumqayıt şəhər təşkilatının aksiya keçirməsi müsbət haldır. Aksiya iştirakçılarının sayı isə burada önəmli deyil. Eyni zamanda belə məsələlərdə digərini ittiham etmək düzgün deyil. Çünki aksiya keçirilməsi haqqında qərar qəbul etmiş təşkilatın özündə belə, piket müzakirə olunan zaman fikirlər haçalanıb. Belə çıxır ki, bu şəxslər AXCP-yə xəyanət ediblər? Yaxud kim mən deyəni etmirsə, yəni aksiyaya getmirsə, tədbirə qoşulmursa, xəyanətkardır? Belə yanaşmalar düzgün deyil və heç kim öz üzərinə belə bir öhdəlik götürməyib".
T. Yaqublu qeyd edib ki, kiminsə aksiyada iştirak etməməsini vəfasızlıq kimi qələmə vermək də düzgün deyil: "Məsələn, 2011-ci ilin martında keçirilən aksiyada AXCP-nin hazır olmadığını gördük və bu partiyanı aksiyaya dəvət etmədik. Belə vəziyyətlərdə qarşılıqlı ittihamlar etmək lazım deyil. Bunu qarşıdurmaya çevirməyə, buna xüsusi rəng verməyə də ehtiyac yoxdur".
T. Yaqublu bu məsələnin İctimai Palatada müzakirəsinə də ehtiyac olmadığını deyib: "Cəbhəçilər müsavatçıların bu aksiyaya qatılmamasını texniki amil kimi qəbul etməlidirlər. Hər iki tərəf bir-birinin qərarlarına hörmətlə yanaşmalıdır. Burada qeyri-adi məsələdə yoxdur. Biri aksiyanın keçirilməsinin zəruriliyi haqda düşünüb, digəri isə yox".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə AXCP və Müsavat arasında gərginliyi qrup və fərdi maraqların önə çəkilməsi ilə izah edir. O, deyib ki, belə olan halda ziddiyyətlər qaçılmaz olur. S. Cəlaloğlu iki partiya, eləcə də onların təmsil olunduqları İctimai Palata daxilində gərginliyin müxalifət düşərgəsində çoxlarına bəlli olduğunu da qeyd edib: "AXCP və Müsavatın İctimai Palatadakı münasibətini "mehriban düşmən" kimi obrazlı xarakterizə etməsək də, bu birliyin qeyri-səmimi olduğu göz qabağındadır. Bu, cəmiyyətə də bəllidir. Müxalifətin bu qurumda birləşməməsinin səbəbi də həmin gərginlikdir. Əgər prezident seçkiləri ilə bağlı müxalifətin geniş birliyi yaranarsa və AXCP ilə Müsavat da burada təmsil olunarsa, İctimai Palatanın ömrü uzun olacaq. Yox, İctimai Palata seçkilərdə təkbaşına iştiraka iddialı olarsa, qurum dağılacaq".
Əksər ekspertlərdə hesab edir ki, əslində Sumqayıtda baş verən hadisə təsadüfü hadisə deyil və güman etmək olar ki, məsələ daha da qabaracaq. Həmçinin belə rəylər də var ki, Sumqayıt olayları partiya rəhbərliyinin tapşırığı ilə baş verib və belə fikir formalaşdırılır ki, güya partiyaların rayon təşkilatları artıq birgə fəaliyyətlə qane olmurlar və bu səbəbdən İctimai Palata passivləşdirilmiş hala gətirilir və siyasi qurumlar fəaliyyətlərində tam sərbəst olurlar. Bununla da vahid namizəd məsələsindən bir dəfəlik qurtulmuş olurlar. Buda vurğulanır ki, Sumqayıtda baş verən hadisələr Bakının digər rayonlarında da təkrarlanacaq. Yeri gəlmişkən bunu da qeyd edək ki, artıq sosial şəbəkələrdə bu savaşa start verilib.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34