Müxalifətin yeni seçki koalisiyası baş tutacaqmı?
12:45 17-08-2012
CƏMİYYƏT
Müxalifətin yeni seçki koalisiyası baş tutacaqmı?
Ölkə insanlarının davranışında və gündəlik müzakirə mövzularında ən az diqqət ayrılan məsələlərdən biri də 2013-cü ildə ölkədə keçiriləcək prezident seçkiləridir. Hələ ki bizdə sözün əsil mənasında müstəqil və realist sosioloji sorğu mərkəzləri olmadığından bu etnasızlığın səbəbləri barədə mühakimə yürütmək müşkül işdir. Amma bununla belə bəzi mülahizələrimizi oxucu ilə bölüşmək pis olmaz...
Azərbaycan insanı fatal insandır. Qəzavü qədərə və taleyə çox inanır. Qəzavü qədərin və tale fenomeninin siyasi proseslərdə necə təzahür etdiyi və yaxud ümumiyyətlə etmədiyi barədə fərziyyələrə varmadan qeyd edək ki, bizim insanın qarşıdan gələn prezident seçkilərinə laqeyd münasibəti birinci növbədə bu düşüncə stereotipindən qaynaqlanır. Yəni insanımız düşünür ki, “Hər şey necədirsə, eləcə də davam edəcək. Azərbaycanda Amerika kəşf etmək olmaz. Kəşf etməyə çalışsan da, səsin elə Amerikadan gələr”.
İkinci mühüm stereotip gündəlik dolanışıq seyt-notundan qaynaqlanır. O mənada ki, istənilən zəhmətkeşimiz səhər saat 06.00-da yuxudan durur ki, saat 08.00-da işdə olsun və gündəlik olaraq 12 saat işləyir. Bu insan müstəqil dövlətimiz qurulandan bəri istirahət və bayram günlərindən, məzuniyyətlərdən məhrum edilib. Yəni Azərbaycan insanı ilin bütün günlərini çarxda fırlanan dələ kimi ancaq işə gedib-gəlməkdə keçirdir. Və onun başqa problemlər barədə düşünməyə, sadəcə, vaxtı və imkanı olmur. Başqa sözlər, Azərbaycan insanı apolitik, yəni siyasətlə maraqlanmayan varlığa çevrilməkdədir.
Bununla belə, müxalifət partiyaları da bikar durmurlar. Görüşmələr və məsləhətləşmələr keçirirlər. Bu qəbildən olan görüşlərin biri son zamanlar səkkiz müxalifət partiyası arasında keçirilib və söz-söhbət gəzir ki, bu partiyalar seçki koalisiyasında birləşə bilər.
Amma...
Amması budur ki, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, “Səkkiz müxalifət partiyasının seçki koalisiyası yaradacağı hələlik inandırıcı görünmür”.
M. Mirəlioğlu bildirib ki, toplantıda iştirak edən səkkiz partiya sədrinin müxalifətin seçki koalisiyasının yaradılmasına istək nümayiş etdirəcəyinə də inanmır. Onun sözlərinə görə, tədbiri keçirən, təklif səsələndirən və bunu təqdir edən partiya rəhbərləri hətta reallaşdırmaq imkanları olsa belə, bu məsələni müsbət dəyərləndirməyəcəklər: “Çünki buna əməkdaşlığın formalarının axtarılması istiqamətində təşəbbüs kimi yanaşırlar”.
M. Mirəlioğlu onu da qeyd edib ki, ötən həftə səkkiz müxalifət partiyası sədri arasında keçirilən görüşdə seçki koalisiyasının yaradılması ilə bağlı təklif birmənalı şəkildə irəli sürülməyib.
Qeyd edək ki, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu ötən həftə səkkiz siyasi partiya sədrini iftar süfrəsinə dəvət edib. Restoranların birində baş tutan iftar süfrəsinə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qatılıb.
Tarix elmləri doktoru, Azərbaycan Ziyalılar Forumunun üzvü Cəmil Həsənlinin sözlərinə görə, “Hazırda ölkə mühüm siyasi proseslər ərəfəsində olduğundan istənilən partiyaların birlik nümayiş etdirmə meyllərini alqışlayıram və bu, təqdirəlayiq hal olardı. Qaldı ki sözügedən səkkiz partiyanın seçki koalisiyasında birləşməsi niyyətinə, hələ ki, bu barədə mətbuatda yetərincə təfərrüatı ilə məlumat yayılmayıb və deyəsən, həmin partiyaların özləri də bu barədə geniş açıqlamalar verməyə tələsmirlər. Buna görə də bu niyyətin reallaşma ehtimalı barədə söz söyləmək çox çətindir”.
Cəmil Həsənli Ziyalılar Forumunun qarşıdan gələn prezident seçkilərində hansı taktikaya üstünlük verəcəyi barədə fikirlərini bizimlə bölüşərkən bildirdi ki, “Ziyalılar Forumu olaraq əvvəllər də bildirmişik və indi bir daha təkrar edirəm: bir qurum kimi bizim hər hansı siyasi prosesə qatışmaq və siyasi maraq nümayiş etdirmək fikrimiz yoxdur. Azərbaycan cəmiyyətində bir zümrə kimi mövqelərini bəlli səbəblər üzündən itirmiş ziyalılığın nüfuz və missiyasını bərpa etmək, sosial, siyasi və mədəni-elmi proseslərə məhz ziyalı prizmasından reaksiya və dəyər vermək Ziyalılar Forumunun əsas ana işi olacaq. Xatırlayırsınızsa, İctimai Palatanın prezidentliyə mənim namizədliyimi irəli sürəcəyi barədə bir müddət öncə məlumatlar yayılmışdı. Lakin siyasətə qarışmaq bizim işimiz deyil. Hesab edirəm ki, həm müxalifətin, həm də iqtidarın fövqündə durmaqla bu ölkəyə daha çox xeyir verə bilərik”.
Savalan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49