Mumiyaya çevrilən 4 kişi, xilafətə dirəniş, bıçaq sovqatı
12:52 17-08-2012
CƏMİYYƏT
Mumiyaya çevrilən 4 kişi,
xilafətə dirəniş, bıçaq sovqatı
Güney Azərbaycandakı yurdlarımız barədə yazıları davam etdirilir. Bu dəfə Zəncan əyaləti haqda söz açacağıq.
Şimaldan Ərdəbil və Gilan, şərqdən Qəzvin, cənubdan Həmədan, cənub-qərb və qərbdən isə Kürdüstan, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri ilə qonşu olan Zəncan əyaləti 1938-ci ildə yaradılıb. 21 841 kv.km ərazisi olan bu əyalət 7 mahal, 15 bölgə, 18 şəhər, 46 qəsəbə və 969 kənddən ibarətdir.
Coğrafi mövqeyi, ərazisi, inzibati bölgüsü
Zəncan əyalətinə daxil olan mahallar bunlardır: Əbhər, İcrud, Xudabəndə, Zəncan, Tarım, Mahnişan və Xürrəmdərə.
Əyalətin şəhərləri isə bunlardır: Zəncan, Xurrəmdərə, Qaydar, Hidəc, Əbhər, Sayınqala (Şahindej adlanır), Sultaniyyə, Söhrəvərd, Sacas, Qızılçay (Zərrinrud), Avar, Mahnişan, Garmav, Dəndi, Zərrinabad, Armağanxana, Çurzuq, Hələb.
Əyalətin ən böyük çayları Zəngan çayı, Qzılözən və Əbhər çaydır.
Bölgənin ən hündür dağları isə Təxtesüleymanda 3000 metrə qədər olan yüksəkliklər, ən alçaq yerləri isə Qızılözən, Gilvanda 300 metrə bərabərdir.
Əyalət mərkəzi, Zəncan şəhəri Təbrizin 295 kilometrliyində yerləşir. 2006-cı il siyahıyaalmasına əsasən şəhərin əhalisi 349713 nəfərdir.
Əyalətin iqlimi, təbiəti
Zəncan əyaləti iki coğrafi regiondan təşkil olunub: dağlıq və düzənlik. Uca zirvələri olan dağlıq zonalar Zəncan şəhərinin şimal hissəsi ilə kəsişir, qalan hissəsi isə düzənlikdir.
Əyalət iki fərqli iqlimə malikdir. Yazda və yayda yağışların miqdarı başqa fəsillərdəkindən çoxdur. Bölgənin iqlim şəraiti və havası daha münasib olduğundan turistlər yaz və yay fəsillərində oralara üz tuturlar. Təbiət, çaylar, mineral su bulaqları və ecazkar iqlimi bütövlükdə buraları daxili və xarici qonaqların ən çox baş çəkdikləri bölgələrdən birinə çevirib.
Dəniz səviyyəsindən 1631 metrə yüksəklikdə yerləşən Zəncan əyaləti və ya Zəncan düzənliyi ölkənin şimal-qərbinin mərkəzi hissəsində yerləşir.
Yayda mülayim, qışda soyuq havası olan Zəncan iki böyük dərədən ibarətdir: Zəncan çayı və Qızılözən çayı (farsca rəsmi olaraq,"Sefidrud" adlandırırlar). Onların arasında Qaravaş və Anquran dağları yerləşir. Məşhur Əbhər çayı isə Zəncan şəhərindən keçir.
Əhalisi, dini tərkibi
Zəncan, Əbhar və Xudabəndə əyalətin böyük şəhərləridir. 2006-cı ildə aparılmış rəsmi siyahıyaalmaya əsasən əyalət əhalisinin sayı 964601 nəfərdir.
Əyalət əhalisinin təxminən 57 faizi şəhərlərdə, qalan hissəsi isə kəndlərdə yaşayır. Savadlılıq (oxuma-yazma) səviyyəsi 81 faizdən yuxarıdır.
Ümumiyyətlə, Zəncan əyaləti ölkə üzrə mədəni və savadlılıq səviyyəsinə görə ilk sıralarda yer alır.
Əyalət sakinlərinin tam əksəriyyəti Azərbaycan türkləridir. Onların danışdığı dil Azərbaycan türkcəsidir. Dini cəhətdən burada üstünlüyü şiə müsəlmanlar təşkil verir. Eyni halda əyalətdə az sayda xristian, yəhudilər də yaşamaqdadır.
Başqa yerlərdə olduğu kimi, Zəncan əyalətində yaşayan yəhudilər də 1979-cu il inqilabından sonra başqa ölkələrə mühacirət etmək məcburiyyətində qalıblar.
Zəncan əyaləti bəhai təriqətinə mənsub olanların da əsas yaşayış yerlərindən biri sayılır. Ancaq mərkəzi hakimiyyətin təzyiqləri nəticəsində burada yaşayan bəhailər başqa yerlərdə olduğu kimi öz dini mənsubiyyətlərini gizlətməyə və ya ölkədən getməyə məcbur olublar.
Zəng(c)an sözünün
etimologiyası,
əyalətin tarixindən
"Zəncan" sözünün mənası və Zəncanın tarixi haqqında çeşidli fikirlər mövcuddur. Başqa Azərbaycan şəhərləri haqqında olduğu kimi, bir sıra fars tarixçiləri, yaxud onlara qulluq edənlər Zəncan haqqında da təhriflərə yol verib, tərəfli mövqe tuturlar. Belələrinin fikrincə, Zəncan Sasani padşahı Ərdəşir Papakan tərəfindən salınıb və ilk adı "Şəhin"dir. Ancaq bir çox tədqiqatçılar Zəncanın sasanilərdən daha öncə salındığını vurğulayırlar. Onların qənaətinə görə, "Zəngan" ("Zəncan" təhrif olunmuş addır, onun əsl adı belədir) sözü burada yaşayan və ən qədim türk boylarından olan "zəngi", "səngi" tayfalarının adından götürülüb.
1403-cü ildə Azərbaycan bölgələrindən keçən Klavixo elçi heyəti Miyana yolunda dincəldiyi Sanqa şəhəri haqqında belə yazıb: "Bu şəhər tamamilə boş idi, amma deyirlər ki, bu, əvvəllər Persiyanın ən iri şəhəri imiş".
Asur qaynaqları Urmiya gölündən aşağıda da zəngilərin yaşadığından xəbər verir. Buradakı Zəngi ölkəsinin adına Bit-Sanqi və Bit-Sanqibut şəklində rast gəlinir. Bu da həmin adın asur dilindəki ev, yurd anlamında işlənən "bit" sözü ilə verilməsi, yəni asurca "sanqi (boyunun) yurdu" anlamında işlənməsidir.
Bu bölgədən m.ö. VIII əsrdə asurların Suriyaya deportasiya etdikləri boylar içində sanqilli (zəngili) tayfa adı da 738-ci ilə aid Tiqlatpalasarında qeyd olunmuşdur.
Zəngan bölgəsi islamın ilk illərində ərəb qoşunları qarşısında ən çox müqavimət göstərən bölgələrdən biri olub.
Bu üzdən də buranın əhalisi və ərazi 645-ci ildə Bəra ibn-Azəbin başçılıq etdiyi ərəb qoşunu tərəfindən işğal edildiyi zaman ən çox soyqırım və dağıntıya məruz qalıb.
Qədim Zəngan şəhəri hazırkı şəhərin şimal-şərq hissəsində yerləşir. Yuxarıda qeyd olunan tarixdə dağıntıya məruz qaldıqdan sonra hazırkı şəhər onun yanında yenidən qurulub.
Köhnə şəhərin qalıqları "köhnə qala" adlanırdı. Ora 1921-ci ilə kimi mövcud idi. Həmin ildən sonra şəhərdə "yeni yolların və yaşayış məskənlərinin salınması, şəhərin genişləndirilməsi" adı altında aparılan işlər zaman "Köhnə qala" tamamilə dağıdılıb.
Müxtəlif tarixi dönəmlərdə, o cümlədən moğolların bölgəyə hücumu, Əmir Teymurun yürüşü zamanı da Zəngan əyaləti ciddi xəsarətlər alıb, bölgənin iqtisadi həyatı iflic olub.
Ancaq Elxanlılar sülaləsinin hakimiyyəti dövründə, özəlliklə Qazan xan, Xudabəndə və Olcaytunun hakimiyyəti zamanı Sultaniyyənin paytaxt seçilməsi Zənganın kölgədə qalmasına səbəb olsa da, bölgənin yenidən dirçəlməsində, çiçəklənməsində mühüm rol oynayıb.
Bölgə iqtisadiyyatı və mədəniyyəti Səfəvilər və Qacar dövründə, xüsusən də Şah Təhmasib və Ağa Məhəmməd şah Qacarın hakimiyyəti zamanı daha da inkişaf edib.
Hazırda burada mövcud olan tarixi abidələr, ictimai və iqtisadi mərkəzləri tikilmə tarixinə nəzər saldıqda bunu aydın şəkildə görmək olur.
Onu da qeyd etmək lazımdır ki, Zəngan əyaləti bir sıra sənədlərdə "Xəmsə" əyaləti kimi də göstərilib. Tarixçilər bunu Qacarlar dönəmində burada beş bölgədə yaşayan beş tayfanın mövcudluğu ilə bağlayırlar. Ərəb dilində "Xəmsə" "beş" mənası verir.
Əyalətin şəxsiyyətləri, mədəni-tarixi abidələri
Zəngan əyaləti Azərbaycanın başqa əyalətləri kimi ölkənin və bölgənin siyasi-ictimai hadisələrində də aparıcı və əhəmiyyətli yer tutub. XIX əsrin ikinci yarısında ölkədə baş qaldıran "Babilər" hərəkatında, mərkəzi hökumətə qarşı üsyanlarda Zənganın önəmli rolu olub. Azərbaycan və ölkə tarixində nadir qadın şəxsiyyətlərdən biri, şairə və siyasi-ictimai xadim Tahirə Qürrətüleyn zənganlıdır. Eyni halda Məşrutə hərəkatında və 1945-ci ildə Güney Azərbaycanda Milli Hökumətin qurulmasında da Zənganın özünəməxsus yer tutub.
Zənganın çoxsaylı məşhur tarixi şəxsiyyətlərindən aşağıda bir neçəsinin adını qeyd edirik: Şəhabəddin Sührəvərdi, Ağaxan Müzəfərəddövlə Asimüssəltənə, Usanlu Bəyanədövlə, Zülfüqarlı Əsədüdövlə, Əmir Müzəffər, İmad Xəmsə, Həkim Hidəci, Rüknəddin Səcasi, Əllamə Zəncani, Əxi Fərəc Zəncani.
Zənganın mühüm tarixi yadigarlarından şəhərin mərkəzində yerləşən Cümə məscidini, şəhərin 45 km-də yerləşən Sultaniyyə günbəzini (bunun haqqında növbəti xəbərdə ətraflı danışacağıq), Hələbioğlu məqbərəsini, Molla Həsən Kaşani məqbərəsini, İmamzadə Yaqub məqbərəsini, Kətəlixor mağarasını, Zəngan çayının üzərindəki Mirbəhayəddin körpüsünü göstərmək olar.
Bütün bu saydığımız yerlərin hamısı tarixinə, mənzərəsinə görə Azərbaycanın mühüm turistik və görməli yerlərindən hesab edilir.
Onların arasında öz qədimliyinə və özünəməxsus xüsusiyyətlərinə görə fərqlənən Zənganın tarixi bazarı da mühüm yer tutur. Tarixinə görə bu bazarı 2 yerə ayırmaq olar:
1. Bazar kompleksini təşkil edən aşağı hissə - Səfəvilər zamanı Şah Təhmasib tərəfindən tikilib.
2. Yuxarı hissə isə - Fətəli şah Qacar zamanında tikilib.
Bazarın bir neçə tarixi karvansarası, hamamı var.
Əhalinin məşğuliyyəti
Zəngan əyaləti Güney Azərbaycanın ən zəngin bölgələrindən biridir. Burada əkinçilik, heyvandarlıq, əl işləri sənayesi, mədən istehsal sahələri və ağır, yüngül sənaye inkişaf edib.
Əkinçilik:
Burada ənənəvi olaraq buğda, arpa, çəltik və başqa yem-alaf məhsulları ilə yanaşı, əncir, üzüm, albalı, alma, qoz, fındıq, badam, zeytun, nar kimi meyvələr, sarımsaq, soğan, xiyar və başqa bostan məhsulları, lobya, noxud və sair dənli bitkilər yetişdirilir.
Əyalətdə yetişdirilən məhsulların çoxu başqa bölgələr və ölkələrə ixrac edilir. Bu məhsulların ixracatı əyalət əhalisinin əsas gəlir mənbəyidir.
Zənganın Tarım və Xürrəmdərə mahalları əkinçilik sahəsində daha çox inkişaf edib. Buradakı məhsullar məhsuldarlığına və keyfiyyətinə görə məşhurdur.
Zəngann əl işləri sənayesi aşağıdakılardan ibarətdir:
Çarıq tikmə, oyma işləri, bıçaq qayırma (Zəngan bıçağı ölkədə məşhurdur), qiymətli daşların yonulması və işlənməsi, boyaçılıq, ağac üzərində oyma işləri, rəssamlıq, gön məmulatlarını hazırlanması, misgərlik, kilim toxuma, xalçaçılıq, keramika işləri, cecimçilik, ipək gəvələrin tikilməsi və s.
Qeyd etmək lazımdır ki, Zəngan xalçaçılıq məktəbi Azərbaycanda özünəməxsus yerə malikdir. Burada toxunan xalçalar bir çox xarici ölkələrə göndərilir. Əyalətin ən məşhur sovqatları "Zəngan bıçağı", "Çarıq" və xalça hesab edilir.
Sənayesi:
əyalətdə mühüm ağır və yüngül sənaye müəssisləri mövcuddur. Bunlardan bir neçəsinin adını qeyd edirik: "İran Transfo" şirkəti, "Pars suiç" İran milli qalay və qurğuşun şirkəti, Kalsium şirkəti, "Minu" şirkəti, Çini qabları sənayesi mərkəzi, Səhənd maşın xalçaları fabriki, kimya zavodu, "Xəmsə" sement zavodu, Cahan bitki yağları zavodu, ev əşyaları istehsalı müəssisəsi və s.
Yeri gəlmişkən, əyalət əhəmiyyətli quru və dəmir yollarına, ölkənin şimal qərbindəki strateji mövqeyinə, enerji xətlərinin buradan keçməsinə, münbit torpaqlara və əlverişli iqlimə malik olmasına, habelə başqa potensialına görə sənaye sahəsində də əhəmiyyətli yerlərdən birini tutur.
Bununla belə 2008-ci ildə Təbriz-Miyana dəmiryol tikintisində inşaat işlərinin gedişatı barədə Şərqi Azərbaycan əyaləti icra hakimiyyətinin tikinti işləri üzrə müavini Məhəmməd Əşrəfniya İRNA-ya bildirmişdi ki, iki xətli Təbriz-Miyana dəmiryol xətti tikintisinin başa çatması üçün 430 milyon dollara yaxın maliyyə vəsaiti lazımdır. Bu vəsait verilərsə üç ildən sonra qeyd etdiyimiz istiqamətdə dəmiryolu xətti istismara verilə bilər.
Təbriz-Zəncan dəmiryol xətti də bir neçə ildir ki, maliyyə vəsaiti gözləyir.
Təbii sərvətləri
Hazırda əyalətdə kəşf edilmiş 170-ə yaxın müxtəlif mədən mövcuddur. Onların bir çoxu istismara verilib. Bu mədənlər arasında maqnezium sulfatı, qurğuşun, brasit, röy, silisium, antimuan sənaye torpaqları, talk, perlik ,alonpit, mis, dəmir, bəzək daşları(qranit mərmər, traverten, çini), əhəng daşları, gips və s.
Onu da qeyd etmək lazımdır ki, Orta Doğunun ən böyük və zəngin qalay mədəni də Zənganda yerləşir.
Gəzməli-görməli yerləri
Zəngan əyaləti özünün təbii gözəlliyi, çayları, meşələri, yaylaqları, istisu bulaqları, qoruqları, eləcə də tarixi abidələri ilə yerli və xarici turistlərin ən çox diqqətini çəkən bölgələrdəndir. Əyalətin çoxsaylı gəzməli və tarixi yerlərindən bir neçəsinin adını diqqətinizə yetiririk: Vannaq istisu bulağı, Şarşar şəlaləsi, Qızılözən çayı, Əbhər çayı və Zəngan çayları sahilləri, Katlaxor tarixi mağarası, tarixi Zəngan bazarı (ölkənin ən uzun örtülü bazarı), Zəngan Came məscidi, Qacarlar dövründə inşa edilən Müqəddəm sarayı, Şeyxülislam sarayı, Bəhməni sarayı, Tofiqi sarayı, Sultaniyyə abidəsi, Zəngan tarixi camaşırxanası, Daş karvansarayı, Daxan karvansarası, Dəmiriyə məscidi, Cəmilə xanım məscidi, Zəngan "qırx sütun" məscidi, Abülqasım Zəngani məqbərəsi, Zülfiqari sarayı, Möyinüttüccar sarayı, Seyid Məhəmməd körpüsü, Mir Bahaəddin körpüsü, Sərdar körpüsü, Hacı Dadaş hamamı, Tarixi Zəngan hamamı, Abasqulu məscidi və s.
Xatırladaq ki, Zəngan əyalətinin Çöhrabad bölgəsinin Həmzəli kəndində 1993-cü ildə tarixi duz mədənində "Duz Kişilər" adlanan mumiyalar tapıldı. Bu "kişilər" əyalətin və ölkənin ən maraqlı tarixi tapıntılarından hesab edilir.
Adı çəkilən mədəndə duz altında qalaraq təbii şəkildə qorunmuş bu mumiyalar əhəmənilər və arşaklar dövrünə aiddir.
Hazırda bu mumiyalardan biri Tehran muzeyində, üçü isə Zəngan şəhərinin "Zülfiqari sarayı"nda saxlanılır.
Əyalətdəki qoruqlar da bura turistlərin cəlb olunmasında önəmli rol oynayır. Buradakı Anduran Qoruğu 111,00 hektar ərazini əhatə edir, Sahrein Qoruğu Zəngan şəhərinin hüdudlarında yerləşir.
Qoruqlarda keçi, tur, maral, ayı, canavar, qaplan, dovşan, vəhşi pişik, tülkü, çaqqal, dələ, kaftar, samur, kəklik, qumru, şotland kəkliyi, göyərçin, keçəl quzğun, bayquş, sarı kəklik, vağ, qaz, durna, ördək, qartal, şahin, sığırçın, balıqlar və s. heyvanlar, köçəri quşlardan su quşu, flaminqo, durna, pelikan, vəhşi qaz, şotland kəkliyi və s. yaşayır.
Orta Doğu Araşdırma
Mərkəzi (ODAM) Güney
Azərbaycan Qrupu
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33