Səfər Əbiyevin postu ilə bağlı köhnə suala təzə cavab
11:04 20-08-2012
CƏMİYYƏT
Səfər Əbiyevin postu ilə bağlı köhnə suala təzə cavab
Ordunun problemlərdən qurtulması üçün Müdafiə Nazirliyi mülkiləşməlidirmi?
Hər dəfə hərbi çağırışçıların hərbi hissələrə bölüşdürülməsi prosesi başa çatır, siyahılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə göndərilir və əsas əndişə ortaya çıxır: valideynləri övladlarının hansı hərbi hissədə xidmət edəcəyi yox, orduda baş verən neqativ hallar narahat edir.
Belə vəziyyətdə valideynləri narahat edən əsas məqam isə orduda baş verən münaqişə halları ilə bağlıdır. Ekspertlərin fikrincə, orduda münasibətlərin təkmilləşdirilməsi, iş bölgüsünü dəyişdirilməsi hesabına vəziyyəti düzəltmək olar.
Əksəriyyət silahlı qüvvələr sisteminin ən yüksək standartlarda fəaliyyətini təmin etmək üçün NATO standartlarına keçidi sürətləndirməyi məsləhət görür. Belələri hesab edir ki, bu zaman əsgərlərin təlimatla nəzərdə tutulmamış işlərə cəlb olunması birmənalı olaraq dayandırılar. Məsələn, sanitar işləri, əmək fəaliyyəti, mətbəx işlərini bir çox Avropa ölkələrində mülki insanlar yerinə yetirir. Ordu sferasına ictimai nəzarəti gücləndirmək lazımdır. Həmin qurumların statusu baxımından valideynlərin, qeyri-hökumət təşkilatlarının bu işlərə cəlbi çox önəmlidir.
Orduda olan çatışmazlıqların qarşısını almaq üçün mütəxəssislər silahlı qüvvələrə ictimai nəzarəti gücləndirməyi məsləhət görür. Bunun üçün xüsusi koordinasiya komitələri yaradılmalı və həmin komitələrin köməyi ilə mütəmadi olaraq əsgər valideynləri ilə hərbi hissə komandirləri arasında görüşlər keçirilməlidir.
Ədliyyə Nazirliyi yanında Cəzaçəkmə Müəssisələrinə Nəzarəti Həyata Keçirən Koordinasiya Komitəsi var və bu komitə cəzaçəkmə müəssisələrində monitorinqlər keçirir, xoşagəlməz hallarla bağlı nazirliyə müraciət edir. Belə bir ortaq rəy var ki, bu cür nəzarət sisteminin orduda da yaradılması vacibdir. Müdafiə Nazirliyinə müraciət edilməlidir və cəmiyyətdə tanınan qeyri-hökumət təşkilatları, millət vəkilləri və əsgər valideynlərindən ibarət belə bir ictimai komitə formalaşdırmalıdır. Ədliyyə Nazirliyində sutkanın 24 saatı ərzində xəbərdarlıq etmədən istənilən cəzaçəkmə müəssisəsinə girib araşdırma aparmaq mümkündür və orduda da da ən azı belə olmalıdır.
Silahlı qüvvələrə ictimai nəzarəti gücləndirmək üçün isə ekspertlər NATO standartlarına uyğun olaraq Müdafiə Nazirliyinin mülkiləşdirilməsini, bununla da, ictimaiyyətin nümayəndələrinin, valideynlərin orduya daha yaxından müdaxilə etmək imkanının artacağını deyir.
Əlavə edək ki, Azərbaycanın NATO ilə əməkdaşlıq proqramı çərçivəsində Müdafiə Nazirliyinə hərbi deyil, mülki şəxsin rəhbərlik etməsi tövsiyyə olunur. Müstəqil hərbçsi ekspertlərin sözlərinə görə, müdafiə naziri sadəcə, rəhbərlik etdiyi nazirliyin maddi-texniki təminatı, hərbi siyasətin hazırlanması ilə məşğul olmalıdır. Beləliklə, Müdafiə Nazirliyi mülkiləşdirilərək baş qərargahdan ayrılmalıdır. Baş qərargahın vəzifələri isə döyüş hazırlığı, döyüş planlaşdırılması, döyüş əməliyyatlarının hazırlığı məsələləri olmalıdır. Bu vəzifələr bir-birindən ayrılmalıdır.
Müdafiə Nazirliyinin mülkiləşdirilməsinə isə nə hazırki nazir Səfər Əbiyev sıcaq baxır, nə də onun ətrafı. Adıçəkilən nazirlikdə bu mövzuda danışmağı ümumiyyətlə sevmirlər, danışanda isə elə danışırlar ki, sanki Müdafiə Nazirliyi çoxdan mülkiləşib. Məsələn, bir müddət əvvəl bu barədə telekanalların birinin suallarını cavablandırarkən Əbiyevin mətbu sözçüsü Eldar Sabiroğlu 2007-ci ildən başlayaraq ordunun bütün mərhələləri üzrə NATO standartlarına keçildiyini, bir çox məqamlarda mülkiləşmənin aparıldığını demişdi. Mətbuat xidmətinin rəhbəri nazirliyin tam mülkiləşdirilməsini isə müharibə gedən bir ölkə üçün qeyri-mümkün hesab etmişdi.
Əcəb məntiqdir: müharibə gedən bir ölkədə əsgər ölümlərinin 90 faizi qeyri-döyüş şəraitində baş verirsə, daha hansı müharibədən danışılır? Əgər torpaqların 20 faizinin işğaldı faktı nəzərdə tutulursa, buna da veriləcək cavab var: Müdafiə Nazirliyinin mülkiləşdirilməsi məhz ordunun güclənməsi üçündür, işğaldakı torpaqları azad etmək üçünsə bizə məhz güclü ordu lazımdır, hörmətli Eldar müəllim!
Yoxsa ki, adı indiki kimi yalnız müəmmalı əsgər ölümləri, orqan alveri, korrupsiya ilə assosiasiya edilən bir ordu yox!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49