Azərbaycanda hansı bankları bağlanma təhlükəsi gözləyir?
11:12 20-08-2012
CƏMİYYƏT
Azərbaycanda hansı bankları bağlanma təhlükəsi gözləyir?
Ekspert: "Ola bilər ki, bank bazarında əsasən 3-4 aktiv iştirakçı olsun və onlar monopolist kimi həm depozit, həm kredit faizlərini diktə etsinlər"
Azərbaycanda bank sektorunun durumu bir neçə həftə əvvəl "RoyalBank"ın bağlanması ilə yenidən gündəmə gəlib. Bu günlərdə Mərkəzi Bank bankların nizamnamə kapitalının artırılması ilə bağlı qərar verib. Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov isə sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin azaldılacağını açıqlayıb.
Bu qərarların bank sektoruna təsirləri, mövcud durumla bağlı danışan ekspert Samir Əliyev deyib ki, bəzi nüansları nəzərə almasaq, bu addımın atılmasını müsbət qiymətləndirir: "Bu gün dünyada bankların kapitallaşması məsələsi prioritet olaraq gündəmdədir. 2008-2009-cu il qlobal maliyyə böhranından sonra müşahidə etdik ki, bir sıra banklar istər Amerikada, istərsə də Avropa ölkələrində sıradan çıxdı. Bu gün də müşahidə edirik ki, Avropada bu proses davam edir. Buna görə Bazel Komitəsi belə qərara gəldi ki, bankların kapitallaşmasına dair tələblər sərtləşdirilsin. Bununla bağlı "Bazel-3" prinsipi qəbul olundu. Bu prinsip əsasən bankların kapitallaşmasına dair tələbləri sərtləşdirməyi nəzərdə tutur.
Bunu dünyada gedən proseslərin tərkib hissəsi kimi dəyərləndirmək olar. Ancaq bunun əsas səbəbi başqadır. Xatırlayırsınızsa, Mərkəzi Bank təxminən 2-3 il öncə öz strategiyasında bildirmişdi ki, bankların birləşməsi və sayının azaldılmasının tərəfdarıdır. Ancaq heç bir bank könüllü bu addımı atmadı. Bu da təbiidir. Çünki ortada kommersiya marağı var, hər kəs özünü güclü sayır. Mən bir ekspert kimi bankların sayının azaldılmasının tərəfdarı olmuşam. Bu gün Azərbaycanda 43 bank var. Demək olar ki, bunların yarısının bank sektorunda heç bir rolu yoxdur. İlk baxışdan bankların sayının çox olması onu göstərir ki, Azərbaycanda rəqabət var. Amma biz bunu müşahidə etmirik. Kredit faizləri yüksəkdir, kredit almaq çətindir, bankların əhaliyə göstərdiyi xidmətlərin keyfiyyəti aşağıdır. Demək olar ki, bankların ölkə iqtisadiyyatında rolu çox aşağıdır. Ona görə də bankların sayının azaldılması, onların likvidliyinin artırılması bankların ölkə iqtisadiyyatındakı rolu baxımından vacib şərtdir. 90-cı illərin əvvəllərində ölkədə 200-dən çox bank fəaliyyət göstərirdi. Mərkəzi Bank bankların kapitalının artırılması ilə bağlı qərar verdi və bunun nəticəsi olaraq bankların sayı 5 dəfəyə qədər azaldıldı.
Bunun müsbət tərəfi odur ki, banklar keyfiyyətli xidmətə, şəbəkələşməyə üstünlük verəcək. Bankların sayı az olduğundan onların müştəri çevrəsi genişlənəcək, müştəri çevrəsinin genişlənməsi bankların əməliyyat xərclərinin azalmasına imkan verəcək. Digər tərəfdən, bankların xarici bazarlara çıxış imkanları artacaq, ucuz resurs cəlb etmək imkanları genişlənəcək. Bütün bunlar kredit faizlərinin aşağı düşməsini şərtləndirən amillərdir".
Samir Əliyevin sözlərinə görə, narahatçılıq doğuran səbəb isə bank sektorunda təmərküzləşmənin daha da artmasına gətirib çıxara bilməsidir: "Onsuz da bankların təmərküzləşmə səviyyəsi yüksəkdir. Bu qərardan sonra daha da artacaq. Bank sektorunda inhisarçılığın daha da güclənməsi ehtimalı çoxalacaq. Ən pis hal da odur ki, əgər gözləntilər özünü doğrultmasa, bu halda ola bilər ki, bank bazarında əsasən 3-4 aktiv iştirakçı olsun və onlar monopolist kimi həm depozit, həm kredit faizlərini diktə etsinlər. Amma qeyd edim ki, ümumilikdə bütün MDB ölkələrində də bu proses gedir və mən bu prosesi müsbət qiymətləndirirəm".
Bəs bu proses Azərbaycanda fəaliyyət göstərən neçə bankı sıradan çıxara bilər? Bu suala cavabda ekspert bildirib: "Ölkədə bankların yalnız 20-25-i normal qaydada işləyir. Bank sisteminin ən azı 90 faizi bu bankların payına düşür. Bankların birləşməsi üçün Mərkəzi Bankın tələbləri artırması vacib idi. Bu gün üçün təxminən 15-ə qədər bankın məcmu kapitalı 50 milyon manatdan çoxdur. Yerdə qalan banklarda isə nəzərdə tutulan məbləğdən aşağıdır. Mənim fikrimcə, Mərkəzi Bankın yeni qərarı ilə 10-a yaxın bank səhnəni tərk etməli olacaq. Bu qərarın nəticəsi olaraq bankların sayı təxminən 35-ə qədər azalacaq. Hətta bu azalma 30-a qədər də ola bilər".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15