"ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsi region üçün yaxşı heç nə vəd etmir.
Bu sözləri Unikal.org-a Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov bildirib.
O hesab edib ki, hazırda Suriyada dünyanın iri dövlətlərinin maraqları toqquşur:
"Hazırda Suriyada Rusiya, Türkiyənin hərbi qoşunları var və onlar burada müəyyən əməliyatlar keçirirlər. O cümlədən ABŞ və ona müttəfiq dövlətlərin də burada maraqları var. Bu gün ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələri Suriyanı bombalaması yaxşı hal deyil və bu ciddi müharibənin başlanmasına rəvac verə bilər. Bu çox ciddi münaqişədir. Regionda ictimai-siyasi və hərbi vəziyəti dahada gərginləşdirəcək.
General hesab edib ki, Suriyada marağı olan dövlətlər mütləq masa arxasında oturmalı və danışıqları intensivləşdirməlidirlər:
"Bu günə kimi iri dövlətlər masa arxasında oturub, bu məsələni tənzimləməli idilər. Onlar, Suriyada və digər dövlətlərdə terrorçulara qarşı birgə hərbi plan qurmalı idilər. Amma biz əksini görürük. Bu hadisələrin özü isə dünya siyasətində tətbiq olunan ikili standartlar, manipulyasiya, başqa dövlətlərə təsir vasitəsi kimi qəbul olunmalıdır. Koalisiyanın son zərbələri münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarada bilər və münaqişə regionda daha ağır nəticələrə gətirib çıxaracaq. Artıq baş verən son hadisələr dünyanın iri dövlətlərinin silahlı qüvvələrinin burada toqquşma ehtimalını birqədər də artırır. Nə qədər gec deyil, məlum dövlətlər yenidən masa arxasına oturmalı, münaqişəni dinc yolla həll etməlidirlər.
General Suriyada baş verən hadisələrin Azərbaycana təsirindən də söz açıb:
"Orada çox ağır silahlardan istifadə olunur. Bunun bizə nə xeyri ola bilər? Biz istəyirik ki, regionda stabillik olsun.
Amid Əyyuboğlu