Rusiya ÜTT-yə tamhüquqlu üzv seçilib
11:16 23-08-2012
CƏMİYYƏT
Rusiya ÜTT-yə tamhüquqlu üzv seçilib
Vüqar Bayramlı: "Rusiya Azərbaycanı qabaqladı və bundan istifadə edib Azərbaycana təzyiqlər göstərməyə çalışacaq"
Rusiya BMT-nin 1995-ci ildə təsis etdiyi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sayca 156-cı tamhüquqlu üzvü seçilib. Tərəflər arasında bu məsələyə dair danışıqlar 17 il davam edib.
Rusiya mətbuatının verdiyi məlumata görə, mütəxəssislərin fikrincə, Rusiyanın ÜTT-yə üzv olmasından effekti dərhal gözləməyə dəyməz. Belə ki, dəyişikliklər tədricən olacaq. İdxalın orta rüsumu 10,3%-dən 7%-dək azaldılacaq. Müxtəlif qrup mallar üçün ayrı-ayrı keçid dövrləri nəzərdə tutulub. Standart interval 2-3 il təşkil edəcək. Kənd təsərrüfatı, yüngül sənaye və avtomobil sənayesi kimi sahələrdə keçid dövrünün 5-7 il olacağı gözlənilir.
Dünya Bankının apardığı hesablamalara əsasən, Rusiyanın ÜTT-yə üzv olması ilk 3 il ərzində ölkəyə ildə 3,3% iqtisadi artım tempi gətirəcək. Rusiyada investisiya mühiti yaxşılaşdırılsa bu göstərici 11% təşkil edə bilər. Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, təkcə Rusiyaya idxal olunan mallara məhdudiyyətin aradan qaldırılması ölkədə 40 minə yaxın yeni iş yeri yaradacaq.
Qeyd edək ki, ÜTT-nin qərargahı Cenevrədə (İsveçrə) yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 156 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 31 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya ticarətinin 97%-ə qədəri ÜTT-yə üzv ölkələrin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. Təşkilatın normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.
Xatırladaq ki, Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusuna malikdir.
Iqtisadçı-ekspert Vüqar bayramlının sözlərinə görə, "Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməsi bu ölkənin iqtisadiyyatı üçün həm mənfi, həm də müsbət nəticələr doğuracaq. Mənfi nəticələr birinci növbədə Rusiyanın maşınqayırma sənayesində özünü büruzə verəcək. Məlum olduğu kimi, Rusiyada istehsal edilən minik, yük və digər avtomobil növləri Qərb dövlətlərində istehsal edilən avtomobillərdən həm texnoloji baxımdan, həm də maya dəyəri cəhətdən xeyli geridə qalır və Rusiya avtomobil istehsalçılarının yaxın illərdə Qərb istehsalçıları ilə rəqabətə girəcək səviyyəyə çatması inandırıcı görünmür. Qeyd etməliyəm ki, yaxın onilliklərdə rus avtomobillərinin modernləşərək Qərb standartlarına yaxınlaşdırılması üçün külli miqdarda maliyyə vəsaiti lazımdır və Rusiya hazırda bu yeniliyi reallaşdırmaq gücündə deyil. Buna görə də Rusiya avtomobillərini Qərbi Avropanın bazarlarına çıxartmaq, sadəcə, imkan daxilində deyil. Rusiya istehsalçıları yenə də məcbur olub daxili bazar və MDB ölkələri ilə kifayətlənməli olacaqlar".
İqtisadçının fikrincə, "Eyni mənzərə Rusiyanın təyyarə istehsalı sektorunda da müşahidə olunacaq. Məlum fakdır ki, Rusiya çoxlu sayda mülki təyyarələr istehsal edir, amma yenə də bu təyyarələr Qərb modellərinin qarşısında duruş gətirmək potensiaılnda deyil".
Vüqar Bayramlının fikrincə, "Rusiyanın ÜTT-ə üzv olmasının müsbət tendensiyaları daha çox bu ölkənin aqrar sektorunda təzahür edəcək. Məlum olduğu kimi, Şərqi və eləcə də Qərbi Avropanın bazarlarında rus fermerinin məhsullarına yüksək tələbat var".
Iqtisadçı hesab edir ki, "Rusiyanın ÜTT ilə uzun sürən 17 illik danışıqlardan sonra bu quruma üzv olmasının siyasin dividendləri də olacaq. Belə ki, Rusiya artıq yeri gələndə bu qurum daxilində sərbəst söz demək imkanı qazanıb".
Vüqar Bayramlı hesab edir ki, "Rusiyanın ÜTT-a üzv seçilməsi Azərbaycan iqtisadiyyatı üçün müəyyən problemlər yarada bilər. Buna görə də Azərbaycan vaxtında cəhdlər göstərməliydi ki, Rusiyadan qabaq bu quruma üzv seçilsin. İndiki halda Rusiya Azərbaycanı qabaqladı və bundan istifadə edib Azərbaycana təzyiqlər göstərməyə çalışacaq. Bu təzyiq birinci növbədə Azərbaycanın ÜTT-na üzv olmaqla bağlı apardığı danışıqlar prosesində üzə çıxacaq. Rusiya ÜTT-nın üzvü kimi şərtləri diqtə edən tərəfə çevrilib və hər vəchlə çalışacaq ki, ölkəmizin bu quruma üzvlü gec baş tutsun ki, aqrar sahədə Azərbaycan diqtə etmək imkanlarını itirmsəin. Biz məhz bu amili nəzərə alıb vaxtında təkid edirdik ki, Azərbaycan ÜTT-a üzv olmaq prosesini sürətləndirməlidir".
Natiq
Digər Xəbərlər
2024-12-24 12:36:00
2024-12-24 12:35:42
2024-12-24 12:32:00
2024-12-24 12:20:00
2024-12-24 12:15:00
2024-12-24 11:57:08
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00
2024-12-24 08:55:44
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35