"Bunları hakimiyyət deyil, İsa Qəmbər və Elçibəyin digər silahdaşları edib"
11:16 23-08-2012
CƏMİYYƏT
"Bunları hakimiyyət deyil, İsa Qəmbər və Elçibəyin digər silahdaşları edib"
"Ehtiyat edirlər ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər, müəmmalı bir şey ortaya çıxar"
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakı Şəhər Prokurorluğunda mərhum prezident Əbülfəz Elçibəyin zəhərləndirilərək öldürülməsi iddiasını araşdırmaq üçün cinayət iş açmasına münasibət bildirərək deyib ki, prokurorluq bu cinayət işini başlamaya bilməzdi.
Çünki haqqında söhbət gedən adam Azərbaycanın adi bir vətəndaşı deyil. Əbülfəz Elçibəy qanunla status almış keçmiş prezidentdir. Ona görə də onun həyatı ilə bağlı bütün məsələlər araşdırılmalıdır. Necə olur ki, Türkiyədə mərhum prezident Turqut Özalın zəhərləndirilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılır, bununla bağlı iş başlanır, araşdırma aparılır? Azərbaycanda niyə olmasın? Bu baxımdan Əbülfəz Elçibəy statuslu keçmiş prezidentdir və onun həyatı, xəstəliyi ilə bağlı səsləndirilmiş, ictimai rezonans doğurmuş, geniş müzakirələrə səbəb olan istənilən hadisə, fikir prokurorluqda araşdırılmalı, bunun real, yoxsa qeyri-real olması müəyyənləşdirilməli, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat verilməlidir. Bu, ictimai əhəmiyyət kəsb edən, cəmiyyətdə rezonansa səbəb olan hadisədir və prokurorluq mütləq bunu araşdırmalıdır.
Cinayət işinin Elçibəyin ölümündən 12 il sonra açılmasına gəlincə, biz hüquqi dövlətdə yaşayırıq. Əgər Elçibəyin ölümü, zəhərləndirilməsi ilə bağlı irəli sürülən iddianı araşdırmaq üçün cinayət işi açılmasaydı, o zaman indi bundan narazı qalan insanlar yenə bizim üzərimizə gələcəkdilər və deyəcəkdilər ki, baxın hakimiyyət məsələni siyasiləşdirir, Elçibəyin qatilinin tapılmasının qarşısını almağa çalışır. Biz cinayət işi açmasaydıq da bunlar belə bir kampaniya aparacaqdılar. Məsələni tam araşdırmaq üçün cinayət işi açmışıq, yenə də bizə qarşı kampaniya aparırlar. Ona görə kampaniya aparırlar ki, bu gün Elçibəyin həyatı, ölümü ilə bağlı müəmmalı məsələlərin araşdırılması onun keçmiş silahdaşlarına qətiyyən sərf etmir. Ehtiyat edirlər ki, birdən nəyinsə üstü açılar, real bir nəticə əldə edilər, müəmmalı bir şey ortaya çıxar.
Biz hüquqi dövlət qurmuşuq. Bu dövlətdə hər bir vətəndaşın müraciəti, xüsusən də keçmişdə prezident olmuş bir şəxslə bağlı müraciət araşdırılmalıdır. Bu, hüquqi dövlətin tələbidir. Biz bunu araşdırmasaq, həmin şəxs gedib başqa instansiyalara, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Biz hansı dövrdə yaşayırıq? Keçmişdə nazir olmuş, indi siyasi partiya sədri olan bir insanın müraciətinə necə baxmaya, araşdırmaya, onu qulaqardına vura bilərik? Onda bizə nə deyərlər?
O,həmçinin bu məsələnin 2013-cü ildə keçiriləəck prezident seçkisinə görə edilməsi iddiasına da sərt münasibət bildirib-"Reallıq ondan ibarətdir ki, bu məsələ uzun müddətdir danışılırdı. Ayrı-ayrı şəxslər müxtəlif yerlərdə, mətbuata müsahibələrində Elçibəyin zəhərləndirilməsi haqda fikirlər səsləndirirdilər. Elçibəyin ətrafında olan adamlar deyirdilər ki, silahdaşları ona xəyanət edib, Elçibəyi partiya sədrliyindən uzaqlaşdırmaq üçün hansısa tədbirlər görüblər. Bu sırada siyasi, ictimai və sair tədbirlər olub. Amma indi faktiki olaraq ortada real bir iddiaçı var. İddiaçı açıq formada bəyan edib ki, Əbülfəz Elçibəyin zəhərləndiyini düşünür və kimin tərəfindən zəhərləndirilməsi ilə bağlı ad da çəkib. Ona görə də bu məsələ mütləq formada araşdırılmalıdır. Azərbaycan ictimaiyyətinin bununla bağlı narahatlığına aydınlıq gətirilməlidir, bunun olub-olmadığına, olubsa kimin tərəfindən və niyə edilməsinə dair rəsmi açıqlama verilməlidir".Məsələnin Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tərəfindən gündəmə gətirilməsinə görə qeyri-ciddi qəbul olunması məsələsinə gəldikdə isə Əli Həsənov bildirib ki, Azərbaycanda bir mənfi tendensiya var. Hansısa bir şəxs insanlara sərf edəndə ciddi, sərf etməyəndə isə qeyri-ciddi olur. Necə olur ki, bir müddət bundan əvvəl Hafiz Hacıyev Azərbaycan hakimiyyəti ilə bağlı açıqlama verəndə bəzi müxalifət partiyalarının sədrləri onu dərhal tərəfdaş kimi qəbul edirdilər, onunla əməkdaşlıq qururdular, amma indi onların əleyhinə müxtəlif açıqlamalar verəndə, danışanda o, qeyri-ciddi siyasətçi, qeyri-ciddi imic sahibi olan insana çevrilir? Qanunda kimin ciddi, kimin qeyri-ciddi olduğuna dair təsnifat aparılmır. Hafiz Hacıyev faktiki olaraq qeydiyyatdan keçmiş real bir siyasi partiyanın sədridir və Azərbaycanın hakimiyyət strukturlarına, prokurorluq orqanlarına rəsmi müraciət edib. Müraciət olubsa, onu edənin ciddiliyi, qeyri-ciddiliyi nəzərə alınmadan məsələ araşdırılmalıdır.
Açıq deyim ki, mən onun qeyri-ciddi şəxs olması barədə fikirləri bölüşmürəm. Hafiz Hacıyev normal bir Azərbaycan vətəndaşıdır. Haqqında iddia qaldırdığı şəxslərin hakimiyyəti dövründə nazir işləyib. Qeyri-ciddi şəxs idisə, onu niyə nazir qoyurdular? Sonrakı dövrdə siyasi partiya yaradıb və həmin insanlar onun partiyası ilə uzun müddət əməkdaşlıq ediblər. Nəyə görə onun hansısa müraciəti araşdırılmadan saxlanılmalıdır?
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22