MDB sammiti son nöqtə ola bilər
11:17 23-08-2012
CƏMİYYƏT
MDB sammiti son nöqtə ola bilər
Prezidentlərin görüşü baş tutacaqmı?
Ekspertlər deyir ki, dava silahlanma ilə bağlı deyil, söhbət Azərbaycanın Rusiyanın geosiyasi maraqlarından kənara çıxmasından gedir
MDB ölkələri başçıları və xarici işlər nazirləri bu il 1 - 2 noyabr tarixində Aşqabadda görüşəcəklər. Görüş əsnasında iqtisadi və humanitar əməkdaşlıq sahəsində layihələr müzakirə olunacaq, ekologiya sahəsində qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik məsələlərinə toxunulacaq.
Qeyd edək ki, iclasların gündəliyi MDB iştirakçısı olan dövlətlərin daimi səlahiyyətli nümayəndələri Şurasının avqustun 21-də Minskdə keçirilən iclasda planlaşdırılıb. MDB-yə Azərbaycan da daxil olmaqla 11 keçmiş sovet ölkəsi daxildir. İcraiyyə komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, MDB ölkələrinin icraçı katibi Sergey Lebedev deyib ki, Aşqabadda keçiriləcək iclasda ənənəvi olaraq, sərhəd təhlükəsizliyi, hüquq mühafizə sahəsində əməkdaşlığın da gücləndirilməsi məsələləri gündəmdə olacaq. Sergey Lebedyev onu da bildirib ki, MDB ölkələrinin humanitar sahədə əməkdaşlığına daha böyük əhəmiyyət verilir.
Amma bu məsələnin bir tərəfidir. Digər tərəfi isə budur ki, iki tərəfli görüşdə kifayət qədər ciddi məsələlər gündəmə gələcək. İlk növbədə Vladimir Putinlə , İlham Əliyev görüşü bir sıra məsələlərin həllinə təkan verəcək. Bunlar nədən ibarətdir? Birincisi, hazırda Rusiya ilə Azərbaycan Qəbələ RLS məsələsində ortaq məxrəcə gələ bilmirlər və bu gərginliyi daha da artırır. Çünki Rusiya bu stansiyadan bir sıra məsələlərə görə imtina edə bilmir. Səbəblərdən biri də budur ki, Rusiya geri çəkilərsə İsrail,Türkiyə kimi ölkələr bu mərkəzi əldən buraxmayacaq. Digər vacib məsələ isə Azərbaycanın Putinin Avrasiya məkanı ideyasına qarşı çıxmasıdır. Bildiyiniz kimi Vladimir Putin keçmiş sovetlər ölkəsinin yeni iqtisadi birliyini yaratmaq istəyir və buan hələ ki, ciddi təpki yalnız Azərbaycandan gəlir. Çünki bu birliyin yaradılması sovetlərin bərpası deməkdir. Buna görə görüşdə ciddi etiraz yaradacaq məsələlərdən biri də bu olacaq. Və nəhayət əsas məsələlərdən biri də Rusiyanın Azərbaycanın silahlanmasına olan etirazıdır.
Ötən həftə "Rusiyanın səsi" radiosunda da Azərbaycanın silahlı qüvvələrini aktiv şəkildə yeni texnologiyalarla təchiz etdiyi ciddi müzakirə mövzusu olub. Müzakirədə iştirak edən nüfuzlu ekspert-konfliktoloqlar bu aktivliyin nə ilə bağlı olduğu barədə öz rəylərini bildiriblər.
Ekspertlərin əsas müzakirəsinə səbəb isə son zamanlar Azərbaycana daha çox göndərilən "Mi-35 M" döyüş vertolyotları, eləcə də son 10 ildə Azərbaycanın hərbi aviasiya proqramına uyğun olaraq müxtəlif ölkələrdən aldığı 47 döyüş təyyarəsi və 109 vertolyot olub.
Qeyd edək ki, vəziyyətin belə bir şəkil alması Rusiyanın Azərbaycana bir sıra təzyiqlər etmək üçün hazırlandığını göstərir. Elə yerli ekspertlər də vurğulayırlar ki, hadisələrin gedişatı Moskva ilə Bakı arasında gərginliyin yaşamasına səbəb ola bilər. Amma bunun açıq şəkildə baş verə biləcəyi inandırıcı hesab edilmir. Onlar qeyd edirlər ki, proseslər Qarabağda özünü göstərə bilər.
Onlar deyirlər ki, cəbhə xəttində son dövrlər baş qaldırmış müharibə addımları mahiyyət etibarı ilə Kremldən qaynaqlanır və Azərbaycana təzyiq etmək məqsədi güdür. Ekspertlərin qənaətinə görə, hadisələrin gedişatı hətta hərbi əməliyyatları reallaşdıra da bilər. Lakin bunun baş verməməsi üçün tək çıxış yolu Azərbaycanın silah məsələsində Rusiya ilə razılaşmasıdır.
Türkiyənin aparıcı ekspertlərindən biri olan Hasan Oktay deyir ki, Qarabağ cəbhəsində mövcud gərginlik heç də Ermənistanın təşəbbüsü ilə baş vermir. Onun sözlərinə görə, Moskvadan asılı vəziyyətdə olan İrəvan gələn tapşırıqları yerinə yetirir. "Qarabağda hərbi əməliyyatların başlamasını Rusiya istəyir. Çünki Azərbaycana ən yaxşı bu istiqamətdən təsir etmək mümkündür. Həm də bu zaman Rusiya yaxasını kənara çəkərək, "bizlik iş yoxdur" deməklə özlərini gizlətməyə çalışacaqlar. Həm də Qarabağda müharibə başladıqdan sonra Rusiya vasitəçi kimi araya girərək, tərəfləri barışdırmaqla yanaşı, həm də istədiyini diqtə etməyi də düşünür. Belə olan təqdirdə, Azərbaycanın silahlanması onların maraqlarında deyil".
Həsən Oktay həmçinin burada Azərbaycanın son dövrlər Türkiyə ilə yaxınlaşmasını və geosiyasi məkanda öz oynunu oynamasına da diqqət çəkir. O deyir ki, Bakı hal hazırda Türkiyə ilə müttəfiqdir və birlikdə hərəkət etməyə üstünlük verir. Onun sözlərinə görə, Azərbaycan həmçinin dünya siyasətində kiçik dövlət olsa belə, öz yerini tutmağa çalışır və təkbaşına hərəkət etməyə üstünlük verir. "Təbii ki, belə vəziyyət Rusiyanı qane etmir. Çünki Azərbaycan zaman içində onun maraqlarının ziddinə olan addımlar atır. Bu şəkildə davam edərsə, Rusiya Gürcüstanın ardından Azərbaycandan da çıxa bilər. Nəticə isə İranla qapıların tamam bağlanması anlamına gəlir və Ermənistanın da tamamilə blokadada qalması reallaşır".
Azərbaycanın silah almasının Rusiyada geniş müzakirə edilməsinin və rəsmi Moskvanın narahat görünməsinin səbəblərini politoloq Ərəstun Oruclu isə maraqlı şəkildə şərh edir. O deyib ki, mövcud narazılıq anlaşılandır. "Ələlxüsus da Rusiyada ona görə narazılıq doğurur ki, Rusiya böyük bir silah bazarını itirib. Bu gün Azərbaycanın təhlükəsizlik, hərbi sursat, müdafiə sahəsində əsas partniyorunun İsrail, qismən də digər ölkələr olduğunu nəzərə alsaq, o zaman Rusiyanın real pul itirdiyini və ona görə də narahatlıq keçirdiyini başa düşmək olur. Amma digər tərəfdən silahlanmanın münaqişənin həllinə mane olur yanaşması bir qədər məntiqsiz səslənir. Çünki, silah və silahlanma faktoru münaqişənin həllində, həmçinin də danışıqlar prosesinə təsir göstərən çox zəruri faktorlardan biridir. Rusiya ümumiyyətlə, Azərbaycanın onun geopolitik təsir dairəsindən getdikcə daha çox çıxmasından narahatdır. Bu daha ciddi narahatlıqdır, nəinki, silah satışında 1-2 milyard dollar itirməsi. Azərbaycan bu gün daha çox NATO, qərb standartlarına maraq göstərir ki, bunu da Kreml sakit qarşılaya bilməz".
Həmin narazılıqların ekspertlərin dili ilə səslənməsini sıradan bir hal saymayan politoloq vurğulayır ki, bu daha çox Rusiyanın daxili auditoriyasına hesablanmış müəyyən mesajlardır. "Eyni zamanda da Azərbaycana və Azərbaycan yolu tutmuş postsovet ölkələrinə yönələn təhdid, hədə xarakterli mesajlardır. Əgər Rusiya silahlanmanın problemin həllinə maneə yaratdığını güman edirsə, o zaman niyə özü Ermənistanı qarşılıqsız silahlandırır? Əgər Rusiya silahlanmanı münaqişənin həllində, o cümlədən siyasi problemlərin həllində silahı zəruri amil saymırsa o zaman niyə BMT-nin sanksiyalarının qarşısını almaqla Suriyanı silahlandırmaqda davam edir?"
Ərəstun Oruclu deyir ki, əslində Azərbaycanın aldığı silahların böyük əksəriyyəti müdafiə xarakterlidir. O qeyd edir ki, raket hücumlarından müdafiə sistemləridir ki, bunlar da Rusiyanın özündən, İsraildən alınıb. "Bütün bunlar sübut edir ki, Azərbaycan hazırda müdafiə xarakterli silahlanma aparır. Hesab edirəm ki, bu yanlışdır. Azərbaycana çox müasir aviasiya lazımdır. Bu gün ən müasir qırıcı-bombardmançı təyyarələrin biri 150-180 milyon dollardır. Niyə Azərbaycan özünə 20 belə təyyarə almağı lazım görməsin? Belə olarsa, Azərbaycana təcavüz etmək istəyən istənilən bir dövlət öz ərazisində 200-500 arası bomba, raket zərbəsinə hazır olmalı olacaq. Çünki həmin təyyarələr radarlarla asanlıqla tutulan, zərərsizləşdirilə bilən deyil. Hesab edirəm ki, bu, bir tormozlayıcı faktordur".
Politoloq vurğulayır ki, Azərbaycanın qonşularının əksəriyyəti də narahat dövlətlərdir. Onun sözlərinə görə, bu baxımdan Azərbaycanın müdafiə təyinatlı silahlarla yanaşı, həm də hücum, özü də dağıdıcı xarakterli silahlara ehtiyacı var. "Ona görə yox ki, onu nə zamansa istifadə edəcək, ona görə ki, Azərbaycana qarşı təcavüz etmək niyyətində olan istənilən bir qonşu dövlət bu amili nəzərə almış olacaq".
Amerikadan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin və Azərbaycan Milli Dirəniş Hərəkatının sədri, politoloq Davud Turan isə deyir ki, bu gün bölgədə vəziyyəti gərginləşdirən varsa, o da Ermənistanın özüdür. O deyib ki, vəziyyəti təhlil edərkən ortaya belə bir nəticə çıxır ki, təcavüzə məruz qalan Azərbaycandır, Ermənistan isə işğalçılıq siyasətindən imtina etmir. "Belə olan halda Azərbaycan nə etməlidir? Təbii Azərbaycan silahlanmalı və öz ordusunu gücləndirməlidir. Çünki, sülh yoluyla danışıqlar prosesi nəticə vermir. Ümumilikdə bu gün Ermənistan bölgənin təhlükəsizliyi üçün də problem yaradır və bunu Vaşinqtonda görməyə bilməzlər. Sadəcə olaraq, orada hesab edirlər ki, Ermənistanı asılı olan vəziyyətdən çıxardıb, müstəqil siyasət yürütməsinə şərait yaratmaq lazımdır. Məncə, bu siyasət indiki dövr üçün keçərli deyil və bunu gerçəkləşdirmək çətin məsələdir".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-26 10:18:45
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03