Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Unikal.org nazirliyə istinadən xəbər verir ki, Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fərmanın icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir bildirib ki, Komissiya Fərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi üzərində işi artıq yekunlaşdırır.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan siyahıların formaları hazırlanıb və həmin qurumlara təqdim olunub. Bu qurumlar tərəfindən təqdim olunmuş siyahılar əsasında dəqiqləşdirmə aparılacaq və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı müəyyən edilərək Nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Bundan sonra 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək. Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi də Nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək.

Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib.