Mayın 27-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi Xidmətinə Nəsimi rayonunun Füzuli küçəsindən Bakı şəhər sakini Sərxan Quliyevə məxsus "Hyundai markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Görülən təxirəsalınmaz tədbirlərlə qeyd olunan avtomobil İnşaatçılar prospektində Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək "isti izlərlə saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə nəqliyyat vasitəsi ilə birgə aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.