"Bir şey danışan kimi hansısa bir frazanı götürüb atırlar ortaya və onun ətrafında sosial şəbəkələrdə başlayırlar səs-küy salmağa. Ancaq belə olan halda söhbətin hansı şəraitdə edildiyini nəzərə almaq lazımdır. Deməli, biz Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bir sıra yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini müzakirə edirdik. Çıxış edənlərin əksəriyyəti, adlarını çəkmək istəmədiyim 3-4 deputat başladı ki, gərək biz bunu çoxdan edərdik, sovet dövründən qalan adların hamısını gərək dəyişək, ləngidirik və s. Mən də orda sovet hökuməti dövründə Azərbaycanda yaranmış müsbət şeylərdən danışdım.
Unikal.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə son iki gündə onun fikirləri ətrafında açılan müzakirələrə münasibət bildirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, o, həmin iclasda çıxış edərkən bildirib ki, sovet dövrü Azərbaycanı məhv edib və daha sonra yaradıb.
"Həqiqətən də sovet dövrü bizim təhsilimizi, səhiyyəmizi, elmimizi yaradıb. Biz özümüz kimiydik, onu bilmirdik. Gah deyirdik ki, müsəlmanıq, sonra da deyirdik türkük. Ancaq biz azərbaycanlıyıq axı. Dünyada belə bir norma var ki, ərazinin adına uyğun olaraq xalqın adı da müəyyənləşdirilir. Mən o qədər bisavad deyiləm ki, Şərqdə ilk demokratik respublikanın Azərbaycan Cümhuriyyəti olduğunu bilməyim.
A.Rəhimzadə sovet dövründən qalma yaşayış yerlərinin adlarının dəyişdirilməsinə etiraz edib.
"Hansısa yaşayış məntəqəsinin adı müəyyən məqsədlər üçün dəyişdirilibsə, ona baxa bilərik. Tutaq ki, Rusiyadan ölkəmizə gələn malakanlar: Rusiya imperiyası onda 2 məqsədi güdürdü. Birinci məqsəd o idi ki, sahildə xristianları yerləşdirsin. Rusiya erməniləri də o səbəbdən Azərbaycanın sərhədlərinə gətirib yığıb. Eyni zamanda, malakanları da. Onlarla bağlı həqiqətən də ziddiyət yaradan məqamlar var idi.
1845-ci ildə bir rayonda Mixayılovka adında kənd yaradılıb. Malakanlar hara yerləşdirilirdilərsə, orda məskən salırdılar. İndi bunun adını niyə dəyişirsiniz ki? Bu kəndin adı Mixayılovka olanda hamı düşünəcək ki, bu nə deməkdir? Bu tarixdir də.. Demək, o vaxt Rusiya İmperiyası Azərbaycana qarşı belə ədalətsizlik edib. Malakanların bura gəlməsində onların nə təqsiri var? Gəlin, onda başqa malakan kəndlərinin adlarını da dəyişək... Bu düzgün deyil axı. Yaxşı onda Novxanının, Zağulbanın da adını dəyişək də. Bunlar da türk mənşəli adlar deyil. Belə getsək biz çox uzaq gedərik axı. Sovet dövründə kimlərsə Azərbaycana qarşı nəsə edibsə, o başqa məsələ. Onda gəlin, Nəriman Nərimanovun adına olan ərazinin də adını dəyişək. Çünki Nəriman Nərimanov da sovet xadimi olub. Bu böyük bir xərcdir. Həm də əziyyət tələb edir.
Komitə sədri bildirib ki, onun çıxışından istifadə edənlər siyasətdən başı çıxmayanlardır.
"Mən bir dəfə dedim ki, Azərbaycanda yaşayanların hamısı azərbaycanlıdır. Etnik mənşəyindən asılı olmayaraq hamı azərbaycanlı olmalıdır. Amerikada bir adam deyirmi ki, mən italyanam? Yox! Deyir ki, mən amerikanam. Çünki o, bununla şərəf duyur. Biz də bunu camaata izah edək.