Məhbusların xüsusi təyinatlı qatardan qaçmasına görə həbs edilən müğənni Fədayə Laçının cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.
Unikal.org xəbər verir ki, vəkil Türkel Süleymanlı APA-ya bildirib ki, iş üzrə əsas istintaq hərəkətləri yekunlaşıb: "Cinayət işinin materialları iyulun 15-dən sonra ərazi üzrə aidiyyəti məhkəməyə göndəriləcək".
Ötən il oktyabrın 23-də Bakı-Astara -Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.