Bakının Nərimanov rayon İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib ki, həmin tələb mərkəzi prospektlərdə yerləşən binaların sakinlərinə aiddir.

Onun sözlərinə görə, paltarı qurutmaq üçün alternativ vasitələr var və bunlardan istifadə şəhərdə xoşagəlməz görüntünün qarşısını almaqda daha effektli olar.

Hüseyn Cəfərov bildirib ki, indiyədək paltar asmağa qadağa tələbi ilə bağlı sakinlərlə heç bir problem yaranmayıb.

Onu da qeyd edək ki, Nərimaov rayonu paytaxtın mərkəzi rayonlarından biri hesab olunur. Bir sıra beynəlxalq tədbirlər və yarışlar da elə bu rayonun ərazisində keçirilir.