Azərbaycanda tülküyə qarşı qəddarlıq edən və bunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs cəzalandırılıb.

Unikal.org-un məlumatına görə, tülkünün boyun nahiyyəsindən tutan gənc əvvəl onu suya salıb, daha sonra yerə yıxaraq təpikləyib. Bu zaman heyvanın halsızlıqdan tərpənə bilmədiyi görsənir.


Gənclər bu görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra Azərbaycan Heyvanların Mühafizəsi Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov aidiyyəti qurumlara müraciət edib.

Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşlarının araşdırmaları nəticəsində tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. O, hadisəni etiraf edərək səhvini boynuna alıb.

Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanun pozucusunu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimələyib və cərimənin ödənməsi təmin edilib. (Xezerxeber)