Bölgələrdə kartof və soğan xeyli ucuzlaşıb. Alıcı olmadığından məhsul sahələrdə qalıb. Paytaxt bazarlarında da bu məhsulların qiyməti əvvəlki aylara nisbətən xeyli düşüb.
Unikal.org-un məlumatına görə, Bərdə fermerləri bu il soğan sahələrindən bol məhsul götürüblər. Qiyməti də 10 qəpiyə qədər enib. 32 -33 kiloqramlıq soğan kisəsi 2 manat 50 qəpiyə təklif edilir. Lakin bu qiymətə də alıcı tapılmır. Bu səbəbdən də tonlarla soğan yığılaraq sahələrdə məhv olur.
Fermerlər bildirirlər ki, əvvəlki illərdə məhsul birbaşa sahədə və ya həyətlərdə topdan satılıb. Bu il isə həmin alıcılar gözə dəymir.
Cəlilabadda isə kartofun qiyməti fermer və satıcıların ürəyincə deyil. Yol kənarlarında kartofun bir kiloqramının alışı 20-23 qəpik, satışı isə 30 qəpik civarındadır.
Paytaxt bazarlarında da kartof əvvəlki aylara nisbətən xeyli ucuzlaşıb.
Soğanın qiyməti də 20-30 qəpik arasında dəyişir.
Məsələ ilə bağlı "Ərzaq Məhsullarının Təchizatı və Tədarükü" Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, bu il kartof və soğan bol olub. Yığım dövrü olduğundan bu qədər məhsulun sahələrdə qalması da mövsümi xarakter daşıyır. Hazırda Türkiyə bazarlarında bu məhsulların qiyməti bizdəkindən təqribən 10 dəfə yüksəkdir. Lakin bu, seçkiqabağı ajiotajla bağlı olduğundan qısa müddət sonra ucuzlaşma gözlənilir. Ona görə də, Türkiyədəki bahalaşma cəlbedici deyil.
Qurumun sözçüsü Nicat Nəsirli qeyd edib ki, il ərzində 118 milyon manatlıq kənd təsərrüfatı məhsulları alınaraq realizə ediləcək. Bununla bağlı müqavilələr də imzalanıb. Həmçinin əldə qalan məhsulların həm daxili, həm də xarici bazara çıxarılması nəzərdə tutulub.