Yevlax və Ağsuda yanğının yüksəkgərginlikli elektrik xətlərinə yaxınlaşmasının qarşısı alınıb.
Unikal.org xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilir.
Məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və texnikası cəlb olunub, görülmüş operativ tədbirlər nəticəsində yanğının yanxınlıqdakı yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb (150-200 metr məsafədə). Yanğın 18:18-də yanğısöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində 79 hektar biçilmiş taxıl sahəsi və 1 hektar kol-kos yanmışdır. Yaxınlıqdan keçən yüksəkgərginlikli elektrik hava xətləri, meşə zolağı, ferma və ətraf ərazilər yanğından mühafizə olunub.
Saat 14:30 radələrində Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olan kimi dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib.
Yanğının yüksəkgərginlikli elektrik hava xətlərinin yaxınlığında baş verməsi yanğının söndürülməsində çətinliklər yaradıb. Yanğın sürətlə geniş ərazilərə yayıldığından qonşu rayonlardan da FHN DYMX-nin canlı qüvvə və texnikası, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Be-200 ÇS amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
Həyata keçirilmiş operativ tədbirlər nəticəsində bu istiqamətdə yanğının yüksəkgərginlikli elektrik hava xətlərinə yaxınlaşmasının qarşısı alınıb. Hazırda yüksəkgərginlikli elektrik hava xətlərinə təhlükə yoxdur. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının söndürülməsi işlərinə Ağsu rayonu İcra Hakimiyyətinin müvafiq qüvvələri və yerli əhali də cəlb edilib.Əlavə məlumat veriləcək.